Bakı, 15 dekabr, AZƏRTAC
Xarici ölkədə çətin həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılır. Bu istiqamətdə Ombudsman Aparatının əməkdaşları dekabrın 5-də Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilmiş Azərbaycan Respublikası vətəndaşları ilə görüşüblər.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, repatriasiya edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmiş 1 qadın və 3 uşaqla keçirilən görüş zamanı onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindən təsisatın nümayəndələrinə repatriantlara göstərilən sosial xidmətlər barədə məlumat verilib.
Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər, təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlı çətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlara hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlara ombudsmanın mandatı və ona müraciət imkanları barədə geniş məlumat verilib.