EN

“Az şagirdli məktəblər üçün distant təhsil pilot layihəsi müasir və məntiqi addımdır” DEPUTAT

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda məktəblərin maliyyələşməsi və təhsilin keyfiyyəti ilə bağlı diqqətçəkən açıqlama verilib. Elm və təhsil naziri Emin Əmrullayev bəzi bölgələrdə bir şagirdə düşən xərclərin Bakının mərkəzində fəaliyyət göstərən özəl məktəblərin təhsil haqqından daha yüksək olduğunu bildirib.

Nazir bu fikirləri “Real TV”yə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, yüzlərlə kənd məktəbində bir uşağın illik orta xərci, hətta 11 il ərzində sərf olunan ümumi vəsait bir neçə nəfərin Bakıda özəl təhsil almasına bərabərdir.

Emin Əmrullayev vurğulayıb ki, Elm və Təhsil Nazirliyi üçün əsas məsələ təkcə xərclənən vəsait deyil, həmin xərclərin qarşılığında əldə olunan nəticədir:

“Bizim üçün önəmli olan bir uşağa düşən orta xərclə yanaşı, bu xərcin müqabilində şagirdin nə qədər bilik əldə etməsidir. Təəssüf ki, bəzi hallarda heç bir nəticə yoxdur. Kiçik məktəblərimiz ən yaxşı məktəblərimiz deyil, burada açıq-aşkar keyfiyyət problemi mövcuddur”.

Nazir pedaqoji prosesin səmərəliliyinə də toxunaraq bildirib ki, çox az şagirdin olduğu siniflərdə effektiv tədris qurmaq çətindir:

“Təsəvvür edin ki, müəllimsiniz və sinfinizdə cəmi üç şagird oturub. Belə şəraitdə pedaqoji prosesi hansı formada qurmaq olar”.

Əmrullayevin fikrincə, siniflərdə şagird sayının müəyyən optimal həddə olması təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. O qeyd edib ki, çoxuşaqlı siniflərdə təhsil həm sosial mühit, həm də bilik səviyyəsi baxımından daha faydalıdır.

Nazir əlavə edib ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi optimallaşdırma siyasəti də məhz təhsilin keyfiyyətinin yüksəldilməsinə və resurslardan daha səmərəli istifadəyə xidmət edir.

Gununsesi.info bildirirb ki, Milli Məclisin deputati Razi Nurullayev məsələyə belə münasibət bildirib:

Razi Nurullayev“Elm və Təhsil naziri Emin Əmrullayevin təhsil xərcləri və regional məktəblərin səmərəsizliyi barədəki çıxışını diqqətlə oxudum. Nazirin açıqlaması bölgələrdəki şagird sayı çox az olan məktəblərdə müşahidə edilən “qeyri-proporsional maliyyə yükünü” və verilən təhsilin keyfiyyətindəki ciddi boşluqları bir daha təsdiqlədi. Xərclərin bəzi özəl Bakı məktəblərinin təhsil haqlarından yüksək olması və bəzi təhsil müəssisələrində əməkdaş sayının təhsil alanların sayını iki dəfə üstələməsi dövlət büdcəsi və resurslarının optimallaşdırılmasının nə qədər vacib olduğunu göstərir.

Üç-dörd uşaqlı siniflərdə müasir və rəqabətədavamlı təlim mühiti yaratmaq çətin olduğu üçün, bu vəziyyət ixtisaslı kadrların səmərəli istifadəsinə mane olur və gənc nəslin öz potensialını tam reallaşdırmağa əngəl törədir.

Bu məqamları nəzərə alaraq, nazirliyin gələn tədris ilindən etibarən az şagirdli məktəbləri əhatə edəcək “distant təhsilə keçid pilot layihəsini” irəliyə doğru atılan müasir və məntiqi bir addım kimi qiymətləndirirəm”.

Deputat qeyd edib ki, bu yanaşma, kiçik kəndlərdəki şagirdləri yalnız fiziki məktəb binası ilə məhdudlaşdırmadan, onlara genişləndirilmiş öyrənmə imkanları və daha yüksək ixtisaslı müəllimlərin təqdim etdiyi biliklərə çıxış imkanı verir:

“Distant model sayəsində uşaqların təhsildən kənarda qalma riskinin qarşısı alınır və onların rahatlığı maksimum təmin edilir. İnanırım ki, islahatların təməlində resurslardan ağıllı istifadə edilməsi və bütün uşaqlar üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması dayanır. Milli Məclisdə bir millət vəkili olaraq, mən bu texnologiya əsaslı yenilikləri və təhsilin səmərəliliyini artıran bütün təşəbbüsləri dəstəkləyəcəyəm”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
131
icma.az

1Sources