EN

Milli Məclisin plenar iclası keçirilib-YENİLƏNİB



Dekabrın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda, əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələr zamanı komitə sədri Şahin İsmayılov, deputatlar Razi Nurullayev, Aqil Abbasov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azər Badamov, Əli Məsimli, Məlahət İbrahimqızı, Tural Gəncəliyev, Asif Əsgərov çıxış edərək, gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini bölüşüblər.

Çıxışlarda bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq irəli sürdüyü amnistiya elan edilməsi təşəbbüsünün əhəmiyyəti barədə fikirlər səsləndirilib. Millət vəkilləri ölkə Prezidentinin amnistiya təşəbbüsünü dəstəklədiklərini bildirərək, bu addımı Prezidentimizin və dövlətimizin öz vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsi kimi yüksək dəyərləndiriblər.

Deputatlar dövlət başçımızın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini qeyd edərək, Ulu Öndərin insan hüquqlarına həmişə xüsusi həssaslıqla yanaşdığını, qanunların aliliyinin qorunması istiqamətində məqsədyönlü addımlar atdığını vurğulayıblar. Heydər Əliyevin ölkəyə rəhbərliyi dönəmində Azərbaycanda ölüm hökmü cəzasına moratorium qoyulduğunu, bir müddət sonra isə yaşamaq hüququ üstün tutularaq bu cəzanın ləğv edildiyini bildiriblər. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində hər zaman təqdirəlayiq işlərin görüldüyünü söyləyiblər.

Müzakirələrdə, habelə Azərbaycan Prezidentinin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın ölkə iqtisadiyyatının inkişafı baxımından önəmi və əhəmiyyəti barədə söhbət açılıb.

Bununla yanaşı, Qərbi azərbaycanlıların hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtması məsələsinə toxunulub, bu problemin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib, o cümlədən Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təqdirəlayiq hesab olunub.

Millət vəkilləri bir sıra digər aktual mövzularda da fikirlərini açıqlayıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin ilk 3 məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı qanun layihələrinin olduğunu deyib. Spiker “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Daha sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, sənəd Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, tərəflərin qarşılıqlı olaraq dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Memorandumun əsas məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsidir.

Arzu Nağıyev deyib ki, 8 maddədən ibarət sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sənədə uyğun olaraq, tərəflər öz milli qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Vurğulanıb ki, anlaşma memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçiriləcək, üçüncü dövlətlərə qarşı yönəlməyib və regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə fikirlərini açıqlayaraq, Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndiyini söyləyib və bu əlaqələrin Azərbaycanın sülh və davamlı inkişaf konsepsiyasına uyğun olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi komitənin sənədə müsbət rəy verdiyini bildirib.

Müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Sahib Alıyev məsələyə dair öz fikirlərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, Saziş 1968-ci il aprelin 22-də imzalanıb. Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etməsi barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin səmərəli şəkildə tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara bütün mümkün olan yardımların göstərilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Sazişdə, habelə texniki, inzibati məsələlər, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydaları, imzalanma və ratifikasiya ilə bağlı proseduralara dair tələblər də ehtiva olunur.

Zaur Şükürov öz çıxışında Azərbaycanda kosmik fəaliyyətlə bağlı həyata keçirilən mühüm əhəmiyyətli layihələr, bu sahədə əldə olunan nailiyyətlər barədə də söhbət açıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.

Deputatlar Müşfiq Məmmədli və Ülviyyə Həmzəyeva bəzi fikir və təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Millət vəkili bildirib ki, Saziş 20 sentyabr 2025-ci il tarixində Bakı şəhərində imzalanıb, 25 maddə və marşrut cədvəlini əks etdirən Əlavədən ibarətdir. Saziş tərəf dövlətlər arasında hava əlaqəsinin qurulması məqsədilə Çikaqo Konvensiyasına əlavə Saziş bağlamaq niyyəti ilə imzalanıb və sənədin müddəaları qeyd olunan Konvensiyanın beynəlxalq hava əlaqəsinə tətbiq edilən müddəaları ilə şərtlənir.

Sazişə əsasən, razılığa gələn tərəflərdən hər biri digərinə yerə enmədən öz dövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləri üçün öz dövlətinin ərazisində dayanmaq, həmçinin, bu Sazişin Əlavəsində göstərilən marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədilə digər hüquqlar verir. Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birlərinə bütün lazımi yardımı göstərirlər.

Zaur Şükürov Afrika ölkələri ilə münasibətlərin genişləndirilməsi, o cümlədən Ruanda ilə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini də açıqlayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məsələ barədə fikirlərini açıqlayaraq, sənədin Azərbaycanın milli maraqlarına uyğun olduğunu deyib və rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

O, qanun layihəsi barədə əvvəlki oxunuşlarda geniş məlumat verildiyini qeyd edib. Komitə sədri sənədin ikinci oxunuşda müzakirələri zamanı deputatların terminologiya ilə bağlı irəli sürdüyü bir sıra təkliflərə münasibət bildirərək, həmin təkliflərə müvafiq qaydada baxıldığını və müvafiq arayışların təqdim edildiyini söyləyib.

Qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir.

Azər Əmiraslanov, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlandığını, layihədə uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

O, qanun layihəsi barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verildiyini, komitəyə deputatlar tərəfindən hər hansı rəy və təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev məsələnin bu komitədə dəstəkləndiyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra spiker Sahibə Qafarova digər 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qeyd olunub ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir. Bura daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər aiddir.

Bildirilib ki, layihədə təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının – müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

Deputatlar Razi Nurullayev və Vasif Qafarov bəzi fikir və qeydlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

O, bildirib ki, layihə vergi rezidentliyinin müəyyən olunması üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsini nəzərdə tutur. Qeyd edilib ki, Azərbaycan "Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma"ya qoşulub. Bununla ölkəmiz ümumi hesabatlıq standartını tətbiq etmək barədə öhdəliyi öz üzərinə götürüb. Standart "Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası"nda öz əksini tapıb. Qaydalara əsasən, maliyyə institutu tərəfindən müştərilər üçün hesab yalnız müştərinin müvafiq məlumat və sənədləri təqdim etdiyi halda açıla bilər.

Qeyd olunub ki, Qlobal Forum tərəfindən 2020-ci ildən etibarən Standartın tətbiqi istiqamətində ölkələrin qiymətləndirilməsinə başlanılıb. Qiymətləndirmə prosesi çərçivəsində bu sahədə Azərbaycanda qəbul edilmiş qanunvericilik müddəaları beynəlxalq təşkilat tərəfindən yoxlanılıb və müəyyən tövsiyələr verilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatın verdiyi tövsiyə nəzərə alınaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 76-1.2-ci və 76-1.3-cü yeni maddələrinin əlavə edilməsi təklif olunur.

Qanun layihəsinin qəbul edilməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, davam edən qiymətləndirmə prosesi çərçivəsində yüksək reytinqin əldə olunması, eyni zamanda, daxili qanunvericiliyin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması üçün şərait yaradacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qeyd olunub ki, sənəddə təklif edilən dəyişikliklər Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur.

Nəzərə çatdırılıb ki, "Dövlət qulluğu haqqında" Qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir. Qanuna əlavə edilən yeni müddəalara əsasən, əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s.) yeni hüquqi əsaslar yaradılır, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi, "Sosial sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov bu komitələrin rəylərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, bildirib ki, layihə 18 qanun üzrə 178 maddədə 457 dəyişikliyi ehtiva edir. Dəyişikliklərin əksəriyyəti Əmək Məcəlləsinə aiddir, digər 17 qanuna təklif edilən dəyişikliklər isə Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanıb, uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır.

Millət vəkili qeyd edib ki, layihəyə əsasən, 3 əsas istiqamət üzrə Əmək Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur – 1. mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyən dəyişikliklər, 2. BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər, 3. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklər.

Sonra Soltan Məmmədov layihədə təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumatı deputatların diqqətinə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu komitələrin qanun layihəsi barədə rəylərini açıqlayıblar.

Deputatlar Qüdrət Həsənquliyev, Elçin Mirzəbəyli, Nigar Məmmədova, Fatma Yıldırım məsələ barədə bəzi fikir və qeydlərini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Chosen
75
10
newscenter.az

10Sources