Bu mövsüm ''Lill''in heyətində öz performansı və penalti dəf etmək bacarığı ilə diqqət çəkən Berke Özər ilə bağlı mühüm transfer iddiaları ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, Avropanın birdən-birə iki önəmli klubu bu qapıçıya maraq göstərir. Söhbət ''Mançester Siti'' və ''Milan''dan gedir.
İngiltərə mətbuatında yayılan xəbərlərə inansaq, Xosep Qvardiola Berkeni çox bəyənir. Hazırda ''Siti''də Canluici Donnarumma birinci, Ceyms Trafford ikinci qapıçıdı. Amma Traffordun performansı Qvardiolanı qane etmir. ''Şəhərlilər'' ikinci qapıçı mövqeyinə məhz türkiyəlini gətirməyin əleyhinə deyillər.
''Qazetto dello Sport''un yaydığı xəbərə görə isə ''Milan'' skautları bu qapıçını ciddi diqqət mərkəzində saxlayır. Ancaq ''Lill'' 25 yaşlı əlcək sahibini təbii ki, havayı buraxmayacaq. Berkenin Fransa klubu ilə 2029-a qədər müqaviləsi var. Onun indiki transfer dəyəri isə təxminən 10 milyon avrodu.
Bu mövsüm Avropa Liqasında ''Roma'' ilə səfər oyununda 3 penalti dəf etməklə adından söz etdirən Berke digər qarşılaşmalarda da bu bacarığını göstərib. O, ən son AL-də ''Yanq Boyz''la səfər matçında da penalti dəf etmişdi.