EN

Su ehtiyatları təhlükə altında: Əsrin ortalarınadək dünya hər il minlərlə buzlağı itirə bilər...

Alimlər qlobal istiləşmənin sürətlənməsi fonunda buzlaqların misilsiz templə yoxa çıxacağı barədə xəbərdarlıq edirlər…

Poliqon xəbər verir ki, alimlərin apardığı yeni araşdırmalar qlobal buzlaqların görünməmiş sürətlə ərimə təhlükəsi ilə üz-üzə qaldığını ortaya qoyur. Nature Climate Change elmi jurnalında dərc olunan tədqiqatda bildirilir ki, XXI əsrin ortalarınadək hər il tamamilə yoxa çıxan buzlaqların sayı minlərlə ölçülə bilər.

Araşdırmada ilk dəfə olaraq “buzlaqların yoxa çıxma piki” anlayışı təqdim edilib. Bu termin müəyyən dövrdə maksimal sayda buzlağın ölçü baxımından buzlaq statusunu itirərək faktiki olaraq yoxa çıxmasını ifadə edir. Elmi modellərə əsasən, əgər qlobal istiləşmə sənayeöncəsi dövrlə müqayisədə 1,5°C səviyyəsində məhdudlaşdırılsa, bu pik təxminən 2041-ci ilə təsadüf edəcək və həmin vaxt ildə təqribən 2 min buzlaq yox olacaq.

Lakin istiləşmə daha kəskin xarakter alaraq 4°C-yə çatarsa, “yoxa çıxma piki” 2050-ci illərin ortalarına keçəcək və itkilərin miqyası ildə təxminən 4 min buzlağa qədər artacaq. Bu göstərici hazırkı buzlaq itkilərindən üç-beş dəfə yüksəkdir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, hazırda Yer kürəsində 200 mindən çox buzlaq mövcuddur, lakin onların sayı dünyanın bütün bölgələrində sürətlə azalır. Xüsusilə Alp dağları, Qafqaz və And dağları kimi nisbətən kiçik dağ buzlaqlarının yerləşdiyi ərazilərdə vəziyyət daha kritikdir. Alimlərin proqnozlarına görə, bu regionlarda buzlaqların yarıdan çoxu yaxın 20 il ərzində tamamilə yox ola bilər. Daha iri buzlaqlar, məsələn, Qrenlandiyada və Rusiya Arktikasında yerləşən buz massivləri nisbətən uzun müddət davam gətirsə də, zamanla onlar da ciddi risk altına düşəcək.

Mütəxəssislər vurğulayırlar ki, buzlaqların itirilməsi təkcə ümumi buz kütləsinin azalması problemi deyil. Hər bir buzlaq ayrıca ekoloji və mədəni əhəmiyyət daşıyır: onlar çaylar və su hövzələri üçün əsas şirin su mənbəyi rolunu oynayır, kənd təsərrüfatını və hidroenergetikanı dəstəkləyir, eyni zamanda yerli icmalar üçün təbii və mədəni irsin ayrılmaz hissəsidir. Mövcud tendensiya artıq dağlıq ərazilərin ekosistemlərində dəyişikliklərə səbəb olur, mövsümi su axınlarını pozur və bütövlükdə regionların sosial-iqtisadi dayanıqlığına mənfi təsir göstərir.

Poliqon.info

Chosen
134
13
poliqon.info

10Sources