ABŞ Prezidenti Donald Tramp alkoqolizmə meyilliliyinin olduğunu təsdiqləyib. Bu barədə o, The New York Post nəşrinə verdiyi açıqlamada danışıb.
Tramp bildirib ki, əgər ayıq həyat tərzi sürməsəydi, böyük ehtimalla alkoqolik ola bilərdi. Onun sözlərinə görə, xarakteri asılılıqlara meyillidir.
“Əgər içki içsəydim, alkoqolik olma ehtimalım çox yüksək idi. Bunu özüm haqqında dəfələrlə demişəm. Mənim xarakterim asılılıqlara çox meyillidir”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti bu fikirləri Ağ Evin aparat rəhbəri Süzan Uaylsın açıqlamasına münasibət bildirərkən səsləndirib. Belə ki, Uayls bir gün əvvəl Trampın “alkoqolik xarakterinə malik olduğunu” söyləmişdi.
“Yüksək funksiyalı alkoqoliklər içki içdikdə onların şəxsiyyəti tam şəkildə üzə çıxır. Mən isə görkəmli şəxsiyyətlər haqqında müəyyən anlayışa malikəm”, – deyə Süzan Uayls bildirmişdi.
Qeyd edək ki, Donald Tramp dəfələrlə həyatında heç vaxt spirtli içki qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, alkoqoldan uzaq durmaq narkotiklərdən imtina etməkdən daha çətindir.