EN

Of! Of! yalan söylədim, nə içdim, nə sevişdim... Sevinc Yunuslunun şeirləri

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.

Qürbətdə həsrətin də

çox ağrılı dadı var.

Bu ölkədə şairin,

yazıçının da, vallah

sənə bənzər adı var.

Burdakı küçələr də

Elə sənlə başlayır.

Məsələn, Riqovski

prospekti niyə ki

adın ilə oxşayır?

Bax, bu köhnə binanın

nəyi səni gözləyir?

Daşlarını oxşadım,

ağacına toxundum,

Min dəfə lənət olsun

əllərinə bənzəyir.

Gedib içəcəm bir az-

yaşıl göz, sarı saçla.

Unudacam Quranı

ucuz bir qara xaçla.

Of! Of! yalan söylədim

nə içdim, nə sevişdim.

Sənsən hayana baxsam.

Şəhəri qucaqlayan,

dəli qara bulud da,

İçimdə yaşıllaşan

yosulu bir umud da.

Üzündən üsyan yağan

çopur ayda olursan

Metroda unuduram

yolda peyda olursan.

Ya da içəcəm bir az

bu ölkənin qışında

yandırılan neftimə.

Elə ona bənzəyən

sənə qismət olmayan

taleyimə, bəxtimə.

Eşitmək istəmirəm

nə "Şur", nə "Rast", nə də saz.

Bir barda inləyən caz -

saksafon, klarnet, brass

dəli həsrətin olsun.

Gözün tək bulanıqdı,

Nevanın dibləri də.

Qəti narahat olma,

intiharlıq heç nə yox,

ölümünə kəsilib

o açılan bağlanan

körpünün ipləri də.

Sənsən ən adi çay da,

Sənsən kilsədə duam.

Mən bu qanlı ölkədən,

Bir də sənin eşqindən

Çətin... çətin qurtulam.

**

Elə gözəl yazırsan gözlərinə sevgini,

Görən gücü yetərmi təkliyimi yıxmağa?

Saçımın teli üstə titrəyir e əllərin

Elə o da bəs edir həsrətimi yığmağa.

Yoxsa nə işi vardı sənin tək bir günahla

Ki qolların dörd yandan ömrümü qəfəs edir.

Milyon qızın içindən çıxıb gələn qəhrəman,

Mənə məğlub olmağın elə mənə bəs edir.

Özünə tez-tez tutur tərsdən dəli qəzəbin,

Deyirsən ki, bu sevgi gücünə bir daş qoyur.

Sən dünyanın ən güclü adamısan, bilirəm,

Zəifliyin mənəmsə ayağına baş qoyum.

Mənim eşqim məlhəmdi açıq yaralar üçün

Milyon yara daşıyan kürəyinə qurbanam.

Kitab rəfində belə öncə kitabımdısa

Məni müqəddəs bilən ürəyinə qurbanam.

Çiyələk dodaqlarım, vanilli ovuclarım,

Ölənəcən sənindir, dadını daşı getsin.

Nə olsun ki, ölkənin ən gözəl şairi yox,

Bax sənindir ən gözəl qadını, yaşa getsin.

**

Nəfəsini ciyərimdən qopardın

Ağrımadım, üzülmədim, küsmədim.

Milyon dəfə üz çevirdim dünyadan,

Yollarından əllərimi üzmədim.

Toxunmadı gözlərinə gözlərim

Asılmadı kipriyimdən baxışın.

Kim dəyişər bu payızı, İlahi,

Kim yığacaq yollarımdan yağışı?

Hamı qərib, hamı tənha, hamı tək,

Bu lənətə gəlmiş gözəl şəhərdə.

Kim yatacaq qollarında bu gecə?

Kim çəkəcək pərdəni pəncərəndə?

Hansı səsdə döşəmələr, tavanlar

Qızaracaq, utanacaq, pörtəcək?

Hansı kağız çəkiləcək üstünə

Divarların gözlərini örtəcək?

Bir də axı, səni elə sevərəm,

Səsindəki xırıltılar kəsilər.

Mənim çıxıb gedişim də yamandı -

Qapındakı cırıltılar kəsilər.

Səni belə sevən olmaz bir də ha,

Ölüb-ölüb dizlərində dayanan.

Bir də belə kölən olmaz dünyada

Ayağının izlərində dayanan.

Nəfəsini ciyərimdən qoparma

Əllərini saçlarımdan asaram.

Mənim çıxıb gedişim də yamandı

Soyuyaram, üşüyərəm, susaram!

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

Ən mürəkkəb məhəbbət tarixini yazan romançı - Niyə onun əsərlərinin əsas mövzusu “ər axtarışı”dır"?

Dostluq, erotika və xəyanət - Sərhədləri aşan macəra necə bitdi?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
kulis.az

2Sources