EN

Rekord amnistiya gündəmdə: 21 minə yaxın şəxsi əhatə edəcək təşəbbüs / AÇIQLAMA

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Prezident İlham Əliyevin Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya təşəbbüsü ilə çıxış etməsini yüksək qiymətləndirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, cənab Prezidentin bu təşəbbüsü son dərəcə əhəmiyyətlidir və bir daha dövlətin hüquqi təbiətini nümayiş etdirir:

“Cənab Prezidentin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Humanizm, mərhəmət və ədalət prinsipləri onun fəaliyyətinin əsasını təşkil edir. Bu təşəbbüslə çıxış etməklə də həmin prinsiplər bir daha açıq şəkildə göstərildi. Nəzərə alsaq ki, bu amnistiya təşəbbüsü genişmiqyaslı olacaq və təxminən 21 min nəfərə şamil ediləcək, bu, xüsusilə önəmlidir”.

Əliməmməd Nuriyev qeyd edib ki, proqnozlara əsasən, amnistiya aktı çərçivəsində 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, yəni həbs yerlərindən buraxılacaq. Bundan əlavə, 7 min nəfər azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcək, 3 min şəxsin cəzasının azaldılması, 4 minə yaxın şəxsin isə cərimə, islah işləri və digər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cəzalardan azad edilməsi nəzərdə tutulur. Eyni zamanda, 1000 nəfərə qədər şəxsin cinayət məsuliyyətindən tam azad ediləcəyi proqnozlaşdırılır.

Hüquqşünas vurğulayıb ki, amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilən hüquqi aktdır və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 19-cu bəndinə əsasən Milli Məclisin müstəsna səlahiyyətlərinə daxildir. Bu akt öz hüquqi təbiətinə görə normativ hüquqi akt hesab olunur.

“Əfv fərdi müraciətlər əsasında Prezident tərəfindən tətbiq edilir. Amnistiya isə Milli Məclis tərəfindən kütləvi şəkildə qəbul olunur və burada həm şəxslər üzrə kateqoriyalar, həm də cinayət maddələri üzrə tətbiq mexanizmi mövcuddur. Yəni əvvəlcədən konkret olaraq hansı şəxsin amnistiyaya düşəcəyini demək mümkün deyil. Burada əsas meyar şəxsin hüquqi statusu və törətdiyi əməlin amnistiya aktında nəzərdə tutulan maddələrə uyğun olub-olmamasıdır”, – deyə Əliməmməd Nuriyev bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
102
qht.az

1Sources