EN

Rusiya-Ukrayna müharibəsində ABŞ-ın qlobal planları - Rəy

Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna müharibəsində Rusiyanın planlaşdırdığı həftəlik qələbənin məğlubiyyətə çevrilməsinin qarşısını ABŞ aldı. Əlbəttə ki, bu, ABŞ-ın qlobal planları və geosiyasi maraqları ilə bağlıdır. ABŞ üçün əsas hədəf hələ ki, Çindir".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

Onun fikrincə, şübhə yoxdur ki, Rusiya Ukraynada məğlub olarsa, bu, Rusiyanın parçalanmasını sürətləndirəcək və prosesdən həm ərazi, həm təbii ehtiyatlar, həm də ümumilikdə geosiyasi baxımdan ən çox qazanan məhz Çin çıxacaq.

V.Dadaşov qeyd edib ki, ərazisini, iqtisadiyyatını və texniki imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən Çinlə rəqabətdə ABŞ-ın uduzması isə qaçılmazdır:

"Ümumiyyətlə, - 1689-cu il Nerçinsk müqaviləsi, 1858-ci il Aygun müqaviləsi, 1864-cü il Tarbağatay protokolu, 1960-cı illər SSRİ–Çin sərhəd toqquşmaları - nəticəsində Rusiya Çindən orta hesablamalara görə 1,3 milyon kv.km ərazi əldə edib. Çin isə Rusiyanın Şərqinə iddiasını açıq nümayiş etdirməsə də, Çin elitası tarixi torpaqlardan imtina etməyib. Hətta 2008-ci ildə Çin Rusiyadan bəzi ərazi və adaları geri qaytara bilib. Rusiyanın Ukraynada müharibəni davam etdirməsi, təbii ki, Çindən asılılığını dərinləşdirir və Çinin də prosesin sonuna böyük hesablamaları var".

Ekspertin sözlərinə görə, Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsində elə bir vəziyyət yaradır ki, Avropa və digər müttəfiqlər Rusiyanın daimi təhlükəsini hiss etsin və nəticədə öz iqtisadi maraqlarını təmin edə bilsin:

"Rusiyanın iqtisadiyyatına qarşı tətbiq olunmuş sanksiyalar Avropanın enerji daşıyıcıları ilə təmin olunmasında onu ABŞ və onun faktiki kolonial nəzarətində olan digər ölkələrdən daha asılı vəziyyətə gətirir. Bu da ABŞ-ın Avropa ölkələrinə həm iqtisadi, həm də ciddi siyasi təzyiq göstərməsinə imkan verir. Hətta ABŞ NATO-dan çıxmaq hədəsi ilə Avropadan əslində daha çox güzəştlər əldə etmək niyyətini güdür. Söz yox ki, ABŞ Avropanı təhlükəsizlik çətirindən kənarlaşdıran deyil; sadəcə, bu üsulla Avropadan həm siyasi, həm də iqtisadi qazanc əldə edir, asılılığı dərinləşdirir.

İllər öncə Fransa prezidenti Makron Avropanın ABŞ-dan asılı olmayan təhlükəsizlik mexanizminin yaradılması barədə dəfələrlə çıxış etmişdi. Hal-hazırda Böyük Britaniya və Almaniya ciddi addımlar atmağa başlayıb. Almaniya məcburi hərbi xidməti bərpa edir, hərbi sənayesini gücləndirir.

Proseslər göstərir ki, ABŞ üçün əsas hədəf Çindir və Vaşinqton Pekinə hər tərəfdən təzyiq göstərməyə çalışır. Çin–Tayvan, Çin–Yaponiya arasında artan gərginliyin də ABŞ tərəfindən idarə olunması şübhə doğurmur. Hətta ABŞ Çin–Venesuela, Çin–Hindistan və ən əsası Çin–Rusiya münasibətlərini pozmağa çalışır".

Rusiya–Türkiyə münasibətləri və Qara dəniz ətrafındakı proseslərə də diqqət çəkən V.Dadaşov bildirib ki, bu, ABŞ–Çin qlobal qarşıdurmasının regional təzahürüdür:

"Aşqabadda Ərdoğan-Putin görüşündən bir gün sonra Türkiyə gəmisinin vurulması, ardınca da Rusiyanın sualtı qayığının vurulması, söz yox ki, Putinin Türkiyəyə planlaşdırılan səfərinin qarşısını almaq niyyəti ilə də əlaqəli ola bilər. ABŞ üçün risk yaradan əsas məqam da elə Türkiyə-Rusiya-Çin oxunun funksional əməkdaşlığa çevrilməsi ehtimalıdır.

ABŞ hətta ən etibarlı müttəfiqi olan Böyük Britaniyaya qarşı müəyyən məhdudlaşdırıcı addımlar atır. Son məlumatlara əsasən, ABŞ birtərəfli qaydada iki dövlət arasında texnoloji əməkdaşlığa dair 40 milyard dollarlıq müqavilənin icrasını dayandırıb. Təbii ki, bu hal hazırda Çinlə texnoloji mübarizənin bir elementi kimi özünü göstərir.

Berlində Ukrayna prezidenti Zelenski ilə Almaniya kansleri Mersin birgə görüşündən sonra Mersin ABŞ-a, Tramp iqtidarına yönələn tənqidləri bir daha təsdiq edir ki, Avropa ilə ABŞ arasında iqtisadi və siyasi fikir ayrılığı ideoloji forma alır. Tramp iqtidarının ABŞ-ın oturuşmuş qlobal siyasətində iqtisadi maraqları önə çəkməsi onun geosiyasi və hərbi mövqeyinə perspektivdə təhlükə vəd edir".

Tahirə Qafarlı

Chosen
82
hafta.az

1Sources