Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr regionda geosiyasi maraqların toqquşduğu əsas mövzulardan biri olaraq qalır. Xüsusilə dəhlizin bir hissəsi kimi təqdim olunan TRİPP layihəsinin İranın milli maraqlarına zidd olması barədə səsləndirilən iddialar regional əməkdaşlıq perspektivləri fonunda ciddi suallar doğurur. Məsələyə rəsmi mövqelər və mövcud reallıqlar prizmasından yanaşdıqda, bu iddiaların nə dərəcədə əsaslı olduğu diqqət mərkəzinə düşür.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında Zəngəzur dəhlizi və bu dəhlizin tərkib hissəsi olan TRİPP layihəsinin İranın milli maraqlarına zidd olması ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu bildirib: “Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, TRİPP layihəsi İran üçün hər hansı mənfi nəticə yaratmır. İran tərəfinin əsas narahatlığı layihədə ABŞ şirkətinin iştirakı ilə bağlıdır və bu amil Tehran tərəfindən Amerika ordusunun sərhədlərə yaxınlaşması kimi qiymətləndirilir.
Əslində isə reallıq tamam fərqlidir. Bu gün İran ABŞ-la münasibətlərin bərpasına çalışır və rəsmi şəkildə elan olunmasa da, iki ölkə arasında münasibətlərin əvvəlki gərginlik səviyyəsində olmadığı açıq şəkildə görünür. Digər tərəfdən, TRİPP layihəsində hərbi kontingentin deyil, özəl şirkətin iştirakı nəzərdə tutulur. Həmin şirkət Ermənistanla birgə dəhliz boyunca iqtisadi əməkdaşlığın inkişafını təşviq edəcək və təhlükəsizliyin təmin olunmasında rol oynayacaq”.
Azər Badamov əlavə edib ki, layihənin İranın milli maraqlarına toxunan heç bir tərəfi yoxdur:
“Əksinə, TRİPP regional əməkdaşlığın genişlənməsi baxımından İran üçün də yeni imkanlar yarada bilər. Zəngəzur dəhlizinin açılması regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. İran isə mövcud geosiyasi reallıqları qəbul etməlidir. Çünki Zəngəzur dəhlizi İran ərazisindən deyil, Ermənistan ərazisindən keçir və İranla birbaşa əlaqəsi yoxdur. İran bu layihədən yalnız qonşu ölkə kimi faydalana bilər”.
//Gülnarə Abasova, Editor.az