EN

“Şahdağ” Turizm Mərkəzi bu il 300 mindən çox turist qəbul edib

Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC

2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində “Şahdağ” Turizm Mərkəzinə səfər edən ziyarətçilərin sayı 300 mindən çox olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib.

R.Nəcəfov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulub Bu da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcək.

Kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Chosen
69
1
azertag.az

2Sources