EN

“Son 2 dövrəyə daha güclü hazırlaşacağıq” – Rəşad Abdullayev

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi

  • Əvəzedicilərin çempionatında ilk yarının son turunda “Kəpəz” üzərində asan (4:0) qələbə qazandınız. Matçla bağlı fikirləriniz necədir?
  • İlin son matçı idi, xüsusən də evdə keçirirdik. Buna görə mütləq qələbə qazanmaq istəyirdik. Üstəlik, son turda ən yaxın rəqibimiz “Qəbələ” də qalib gəlmişdi. Bu mənada, biz də meydana 3 xal qazanmaq və aradakı xal fərqinin azalmasına imkan verməmək üçün çıxmışdıq. Zatən, qış çempionluğumuzu rəsmiləşdirmişdik, bununla belə, son turda da məqsədimiz qələbə qazanmaq idi. Bilirik ki, bizi 3-cü və 4-cü dövrələrdə daha çətin oyunlar gözləyir. Uşaqlar sağ olsunlar, bunu dərk edə, “Kəpəz”lə matçın mahiyyətini başa düşə bildilər. Ən əsası odur ki, yaxşı oyunla qalib gəldik. Düzdür, birinci hissəni 2:0 hesabı ilə öndə bitirsək də, fasiləyəqədərki çıxışımızdan o qədər də razı qalmadım. Amma ikinci hissədə komandamın oyunu da məni qane etdi. Bu qələbə bizə çox lazım idi. Çünki qış fasiləsinə daha özünə inamlı yollanmaq istəyirdik. Bu, çempionatın ikinci yarısına daha yaxşı əhval-ruhiyyə ilə başlamağımız üçün önəmli idi.
  • Dediyiniz kimi, qış fasiləsinə birinci pillədə yollandınız. Yəqin ki, çempionatın ilk yarısındakı çıxışınızdan tam razı qaldınız?
  • Biz məşqçi olaraq, həmişə komandada narazı qalmaq üçün nə isə tapırıq. Razı olduğumuz məqamlar çoxdur. Şükürlər olsun, məsuliyyət, davranış baxımından komandamız yüksək səviyyəli oyunlar göstərdi. Həm nizam-intizamlı oyun, həm də komandanın ümumi ab-havası xoşuma gəldi. Narazı qaldığımız məqamlar olanda onu təhlil edib, uşaqlara başa salırıq və aradan qaldırırıq.
  • Həm vurulan, həm də buraxılan qol sayına görə də birincisiniz. Bu cür inamlı çıxışınızı mövsümün ikinci yarısında da davam etdirə biləcəksiniz?
  • Bəli, bu statistikalara görə də irəlidəyik. Daha çox hücumameylli futbol oynamağa çalışırıq. Texniki, sürətli oyuna üstünlük veririk. Hücuma çıxanda zaman-zaman boşluqlar verməyimiz normaldır. İstər-istəməz rəqiblər bundan istifadə edirlər. Amma biz çalışırıq ki, nə qədər hücum etsək də, müdafiədə boşluqlar olmasın. Çünki rəqibə bu boşluqlardan istifadə etmək şansı verməməliyik. Çempionatın ikinci yarısında bunun üzərində daha çox çalışacağıq. Nə qədər böyükhesablı qələbələrimiz olsa da, müdafiədə kompakt oynamalı, top buraxmamaq şərtilə oyunumuzu qurmalıyıq.
  • Çempionluq mübarizəsində özünüzə ən güclü rəqib kimi hesab edirsiniz?
  • Birinci və ikinci dövrələrdə turnir cədvəli baxımından daha çox “Qəbələ” və “Sabah” bizə yaxın oldular. Amma digər rəqibləri də siyahıdan silmək olmaz. “Zirə” və “Qarabağ” da xallarını artırmağı bacarıblar, bizdən çox uzaq deyillər. Çempionatın ikinci yarısı daha çətin keçə bilər. Buna görə də 3-cü və 4-cü dövrələrə daha güclü hazırlaşacağıq. Komandalar artıq bizi yaxşı tanıyırlar, gücümüzə tam bələddirlər. Çempionatın ilk yarısı kəşfiyyat xarakteri daşıyırdı. Mövsümün qalan hissəsində daha güclü və möhkəm olmalıyıq ki, rəqiblər turnir cədvəlində bizə yaxınlaşmasınlar. Çempionat həqiqətən gərgin keçir. Bizi sevindirən odur ki, gərgin mübarizə şəraitində qələbələrimizi qazanırıq.
  • Yaxın illərdə əvəzedici komandadan kimlərin əsas komandaya yüksəlmək potensialı var?
  • Oyunçularımızın əksəriyyətinin potensialı yaxşıdır. Amma biz istəyirik ki, onları daha pik vəziyyətə çatdıraq. Çalışırıq ki, futbolçularımız Premyer Liqaya layiq oyunçular olsunlar. Çatışmazlıqlar var, onları aradan qaldırırıq. Premyer Liqa tam başqa səviyyəli liqadır. O səviyyədə oynamaq futbolçulardan artıq sürət tələb edir. Çünki yüksək dəstədə meydanda düşünmək üçün vaxtın az olur. Əvəzedicilərin liqasında etdiyini Premyer Liqada edə bilmirsən. Buna görə də futbolçularımızı hərtərəfli hazırlaşamağa çalışırıq. İşimiz, məqsədimiz də budur ki, onları Premyer Liqada oynayacaq səviyyəyə gətirək və elitada layiqli futbol göstərsinlər. Əksər futbolçularımızın şansı var ki, gələcəkdə Premyer Liqa səviyyəsində oynasınlar.
  • “Neftçi”nin əsas komandasında Adrian Mutunun göndərilməsi və onun yerinə Miodraq Bojoviçin təyinatı ilə bağlı nə deyə bilərsiniz?
  • Bəli, əsas komandada məşqçi dəyişikliyi oldu. Biz çalışırıq ki, futbolçular baxımından əsas komandaya həmişə kömək edək, onlar üçün xeyirli, faydalı olaq. Yeni gələn çalışdırıcıya uğurlar arzu edirəm. Əsas komandanın uğurları nə qədər bol olsa, bir o qədər yaxşıdır. Çünki bu, bizə də təsir edir. Ümid edirik ki, gələcəkdə əsas komandanın uğurları çox olar.

FƏRİD

Chosen
687
48
futbolinfo.az

10Sources