EN

Rəşid Behbudovun səsinin rəngini görmək

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dahi sənətkar Rəşid Behbudovun anadan olmasının 110 illiyi geniş şəkildə qeyd edilir. Bu münasibətlə müxtəlif tədbirlər, konsertlər keçirilir.

Reyting.az xəbər verir ki, yubileylə bağlı daha bir maraqlı tədbir dünən Milli İncəsənət Muzeyində reallaşdı. Bu barədə bir qədər sonra...

Rəşid Behbudov sənətinə və şəxsiyyətinə göstərilən belə diqqət heç də təsadüfi deyil. Ölməz müğənni uzun illər boyu doğma Azərbaycanı dünyada tanıdıb, musiqimizi sevdirib, Vətənin diplomatına, mədəniyyət elçisinə çevrilib. Dünya şöhrətli sənətkar repertuarını sovet rejiminin sərt qadağalarına rəğmən ideoloji göstərişlərlə yox, ürəyinin diktəsi ilə hazırlayıb. Nə oxuyubsa mükəmməl ifa edib, milli kinomuzda, opera səhnəsində nə yaradıbsa klassikaya çevrilib. Məhz ona görədir ki, illər, dövrlər bir-birini əvəzləyir, nəsillər dəyişir, amma dahi Rəşid Behbudov yaradıcılığına və şəxsiyyətinə maraq zərrə qədər də azalmır.

Tədbirə gəlincə, qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkil etdiyi sərgiyə Azərbaycan Beynəlxalq Bankı öz dəstəyini göstərmişdi. Təşkilatçılar mərasimə maraqlı ad seçmişdilər- “Səsin rəngi”. Bu da təsadüfi deyildi, tədbirdə Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında və ölməz sənətkarın şəxsi kolleksiyasında qorunan portretlər, afişalar, qiymətli hədiyyələr sərgilənirdi.

“Səsin rəngi” ekspozisiyası ilə tanış olmazdan əvvəl tədbir təşkilatçıları qonaqlar qarısında çıxış etdilər. Mədəniyyət naziri Adil Kərimli Rəşid Behbudovun dünyaca məşhur yaradıcılıq xüsusiyyətləri barədə danışdı, dövlətimizin ölməz sənətkarın xatirəsinə daim ehtiramla yanaşdığını qeyd etdi, 110 illik yubileylə bağlı keçirilən tədbirlər barədə məlumat verdi. Azərbaycan Beynəlxalq Bankının “Səsin rəngi”nə dəstəyini özəl sektorun mədəniyyətimizə diqqətinin təzahürü kimi qiymətləndirdi.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Əməkdar rəssam, tanınmış bərpaçı-rəssam Natiq Səfərov fikirlərini bölüşdülər.

Ölməz sənətkarın ailəsi adından çıxış edən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sərgi təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.

Qeyd edək ki, “Səsin rəngi” sərgisi dekabrın 31-dək davam edəcək. Rəşid Behbudovun 110 illik yubiley mərasimlərinə isə gələn ilin yanvarında Heydər Əliyev Sarayında keçiriləcək tədbirlə yekun vurulacaq.

Etibar CƏBRAYILOĞLU

Fotolar AZƏRTAC-ındır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
reyting.az

1Sources