Bakı, 18 dekabr, AZƏRTAC
Amnistiya təşəbbüsü, adətən, hansısa ehtiyacın nəticəsi kimi yox, dövlətin gəlib çatdığı mərhələnin göstəricisi kimi ortaya çıxır. Bu cür qərarlar artıq mövcud olan münasibətlərin səviyyəsini ifadə edir. Məhz buna görə amnistiya aktı yalnız hüquqi qərar kimi deyil, daha geniş mənada dövlətçilik kontekstində dəyərləndirilməlidir. Azərbaycanın bu gün gəlib çatdığı mərhələdə atılan humanist addımlar izaha yox, məntiqə söykənir. Dövlət öz yolunu, qərarlarını və gələcək baxışını uzun müddətdir müəyyənləşdirib. Bu baxımdan amnistiya təşəbbüsü cəmiyyətlə dövlət arasında artıq mövcud olan qarşılıqlı etimadın təbii davamı kimi qiymətləndirilir
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Oğuz Mirzəyev bildirib.
Oğuz Mirzəyev dövlətimizin başçısı tərəfindən irəli sürülən bu təşəbbüsün suverenliyin tam bərqərar olduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi bir dövrdə irəli sürüldüyünü qeyd edib:"Bu amil qərarın zamanlamasına əlavə məna qazandırır və onun təsadüfi xarakter daşımadığını göstərir. Amnistiya aktının əhatə dairəsinə nəzər saldıqda, bu təşəbbüsün düşünülmüş və dəyərlərə əsaslanan seçim olduğu aydın görünür. Müharibə iştirakçıları, şəhid ailələri və sosial həssas qrupların ön plana çıxması dövlətin öz tarixini və həmin tarixi daşıyan insanları unutmadığını göstərir. Burada humanizm abstrakt anlayış kimi deyil, konkret insan taleləri üzərindən ifadə olunur. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin amnistiya çərçivəsindən kənarda saxlanılması hüquqi prinsipiallığın qorunduğunu göstərir. Bu yanaşma humanizmlə məsuliyyət anlayışının bir-birini tamamladığını ortaya qoyur və cəza siyasətində ölçülmüş xəttin davam etdiyini təsdiqləyir. Beləliklə, yeni amnistiya təşəbbüsü Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə ortaya qoyduğu dövlətçilik yanaşmasının humanist mahiyyətini bir daha ön plana çıxarır".