EN

Gənc Etnoqrafların II Respublika Forumu keçiriləcək

Bakı, 18 dekabr, AZƏRTAC

2026-cı il martın 16-17-də Lənkəran şəhərində Gənc Etnoqrafların II Respublika Forumu keçiriləcək. Forum “İcma, mədəniyyət və elmi əməkdaşlıq” mövzusuna həsr ediləcək.

AZƏRTAC xəbər verir ki, Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təşkilatçılığı və Quba Soyqırımı Memorial Kompleksinin, Lənkəran Regional Elm Mərkəzinin və “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forumun əsas məqsədi yerli icmaların milli-mədəni və mənəvi irsini araşdırmaq, təbliğ etmək, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, gənc etnoqrafların elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanlar yaratmaqdır.

Forum etnoqrafiya və etnologiya, arxeoetnoqrafiya və etnofotoqrafiya, mədəni antropologiya, mədəni irs və tarixi yaddaş, tarixi-mədəni abidələr və memarlıq irsi, 1918-ci il soyqırımı hadisələrinin etnoqrafik aspektləri istiqamətlərini əhatə edəcək.

Tezislər 2026-cı il fevralın 1-dək [email protected] ünvanına göndərilməlidir.

Qəbul olunmuş tezislər 2026-cı il fevralın 20-dək elan ediləcək. İştirakçıların qeydiyyatı 2026-cı il fevralın 20-dən martın 1-dək aparılacaq.

Forumun materialları DOI: 10.36719 nömrəsi təyin edilərək beynəlxalq indeksli “Qədim diyar” beynəlxalq elmi jurnalın xüsusi buraxılışında nəşr olunacaq.

Tezis qəbulu ödənişlidir (bir tezis üçün ödəniş: 50 AZN).

Konfransın işçi dili - Azərbaycan və ingilis dilləridir.

Forum çərçivəsində yerli sənətkarların əl işlərinin sərgisi də nümayiş olunacaq.

Chosen
113
azertag.az

1Sources