17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.
Doğru.az xəbər verir ki, dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyini qeyd edib.
Ordu generalı Levent Ergün Bakıda iki gündür davam edən 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında həyata keçirilən fəaliyyətlərin yeni imkanların formalaşmasına müsbət təsir göstərdiyini bildirib. O, hərbi əlaqələrin daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüş zamanı Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının mövcud vəziyyəti təhlil edilib, qarşılıqlı maraq doğuran məsələlər və gələcək perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ
