EN

Hindistanda iki dost 50 min dollardan baha qiymətləndirilən nadir yaşıl almaz tapdı

Hindistanda iki gənc nadir və yüksək keyfiyyətli yaşıl almaz aşkar edib.

Editor.az The Sun nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, tapılan almazın dəyəri 50 min ABŞ dollarını ötə bilər.

Məlumata görə, qiymətli daş 24 yaşlı Satiş Xatik və 23 yaşlı Sajid Məhəmməd tərəfindən tapılıb. Gənclərin yaşadığı Panna bölgəsi yalnız yüksək yoxsulluq səviyyəsi ilə deyil, eyni zamanda zəngin almaz yataqları ilə də tanınır. Məhz bu bölgədə şans üzlərinə gülən dostlar tapdıqları daşı orijinallığının təsdiqi üçün rəsmi şəhər qiymətləndirmə mütəxəssisinə təqdim ediblər.

Qiymətləndirmə üzrə ekspert Anupam Sinqhin sözlərinə görə, almazın çəkisi 15,34 karatdır və o, növü üzrə ən keyfiyyətli təbii almazlardan biri hesab olunur. Daşın yekun satış qiyməti ABŞ dollarının məzənnəsindəki dəyişikliklərdən və qlobal almaz bazarının əsas göstəricilərindən biri olan Rapaport indeksinin müəyyən etdiyi istinad qiymətlərindən asılı olacaq.

Hindistan qanunvericiliyinə əsasən, icarəyə verilmiş ərazilərdə tapılan bütün almazlar dövlətə təhvil verilməli və rəsmi açıq hərraclar vasitəsilə satışa çıxarılmalıdır. Bu hərraclar Hindistan hökuməti tərəfindən hər üç ayda bir təşkil olunur və həm ölkə daxilindən, həm də xaricdən alıcıların marağına səbəb olur.

Qiymətləndirmə nəticələrini öyrənən gənclər böyük sevinc yaşadıqlarını bildiriblər. Onların sözlərinə görə, bu tapıntı həyatlarında baş verən ən əlamətdar hadisə kimi yadda qalacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
63
editor.az

1Sources