EN

Sərhədlər bu vaxt açılacaq

Türkiyə ilə Ermənistan arasındakı münasibətlər uzun illərdir ki, regional proseslərin təsiri altında formalaşıb. Bu münasibətlərin ən həssas və diqqət çəkən məqamlarından biri də iki ölkə arasındakı quru sərhədinin bağlı qalmasıdır. Bəs iki ölkə arasında sərhədlər hansı şərtlə açıla bilər?

NOCOMMENT.az xəbər verir ki, politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistanla Türkiyə arasındakı sərhəd Ermənistanın bizim torpaqları işğal etməsindən sonra Azərbaycanın tələbi ilə Türkiyə tərəfindən bağlanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də xarici işlər naziri Hakan Fidan açıq şəkildə bildiriblər ki, Türkiyə–Ermənistan sərhədlərinin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasından sonra mümkün olacaq:

“Normallaşma istiqamətində artıq mühüm addımlar atılıb. Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Eyni zamanda “Tramp marşrutu” kimi tanınan nəqliyyat xəttinin, yəni Zəngəzur dəhlizi üzrə kommunikasiya yolunun açılması ilə bağlı razılaşma əldə olunub. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edib və sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib. Hazırda yalnız bir əsas şərt qalır ki, Ermənistan öz Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməlidir. Bu məsələ Azərbaycan tərəfindən açıq şəkildə gündəmə gətirilib. Görünən odur ki, Ermənistan tərəfi bu tələbi artıq ciddiyə alır, müəyyən dəyişikliklər də edilib. Lakin Konstitusiyaya dəyişiklik üçün referendum tələb olunur və ehtimal edilir ki, bu proses gələn il seçkilərdən sonra həyata keçiriləcək. Bununla belə, “yeni Ermənistan”ın Konstitusiyası üzərində iş gedir, xüsusi komissiya yaradılıb və Ədliyyə Nazirinin bildirdiyinə görə, yeni Konstitusiyanın əsas müddəaları mart ayına qədər hazır olacaq”.

Politoloqun sözlərinə görə, Ermənistan bu tələbi yerinə yetirdikdən sonra, Azərbaycanın bəyan etdiyi kimi, kommunikasiyalar açılacaq və ondan sonra Türkiyənin də Ermənistanla sərhədləri açacağı gözlənilir:

“Artıq bu gün Azərbaycanla Ermənistan arasında münasibətlər xeyli yaxşılaşıb. Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə olub, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılıb. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşılıqlı səfərlər ediblər. Bundan əlavə, bu gün Azərbaycandan Ermənistana 22 vaqon A-95 markalı benzin göndərilir. Yanacaq dünya bazar qiymətləri ilə, heç bir güzəşt edilmədən tədarük olunur. Bütün bunlar göstərir ki, münasibətlər tədricən normallaşma mərhələsinə keçir. Nəticə etibarilə, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra Azərbaycanın və Türkiyənin Ermənistanla sərhədləri açacağı və regionda vəziyyətin tam şəkildə normallaşacağı gözlənilir”.

 

 

Chosen
23
2
nocomment.az

10Sources