EN

Paşinyanın Azərbaycanla bağlı Rusiyadan QƏRİBƏ XAHİŞİ

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarlarından Arazdəyəndən Naxçıvana və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan dəmir yolu hissəsinin “təcili” şəkildə tam bərpa edilməsini xahiş etdiyini bildirib.

Yaxın gələcəkdə Ermənistanın baş naziri Rusiya tərəfindən İcevan (Ermənistan) – Qazax (Azərbaycan) dəmir yolunun bərpasını tələb etməyi planlaşdırır.

“Ümid edirəm ki, rusiyalı həmkarlarım bu xahişi yerinə yetirəcək”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanın dəmir yolu infrastrukturu müqaviləni daha 10 il uzatmaq hüququ ilə 30 illik müddətə Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə verilib.

Buradan bir önəmli sual yaranır: Paşinyanın Rusiyadan Azərbaycanın ərazilərinə çıxan dəmir yolu xətlərinin bərpası tələbi nə dərəcədə realdır və bu təşəbbüs Cənubi Qafqazda nəqliyyat-kommunikasiya balansına hansı siyasi və geostrateji nəticələr vəd edir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, Ermənistan və Azərbaycan arasında dəmir yollarının və magistral avtomobil yollarının yaxın vaxtlarda açılacağının elan edilməsi Cənubi Qafqaz ölkələri ilə yanaşı, Rusiya və İranı da əhatə edən beynəlxalq yük tranziti üçün yeni və real marşrut imkanları yaradır:

“Bu proses fonunda regiondaxili və beynəlxalq yük daşımalarının daha da inkişaf etdirilməsi zərurəti ön plana çıxır. Məhz bu səbəbdən mövcud magistral yolların bərpası, eyni zamanda yeni nəqliyyat xətlərinin yaradılması artıq iqtisadi deyil, strateji məsələ kimi qiymətləndirilir. Cənubi Qafqaz vasitəsilə həyata keçirilən daşımaların digər ölkələr, o cümlədən Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan üçün əhəmiyyəti sürətlə artır. Getdikcə daha çox ölkənin Rusiyadan yan keçməklə yük daşımaq imkanları axtarması fonunda Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları alternativ deyil, prioritet istiqamətə çevrilməkdədir”.

Əsədlinin sözlərinə görə, tarixi baxımdan Cənubi Qafqaz Asiya ölkələri üçün Avropa bazarına, Avropa üçün isə Asiyaya çıxış rolunu oynayan mühüm geosiyasi məkandır:

“Bu gün də həmin tarixi missiya yeni geoiqtisadi reallıqlar şəraitində aktuallığını qoruyur. Hazırda Cənubi Qafqaz ərazisindən Trans-Avrasiya məkanının əsas arteriyalarından biri hesab edilən Transxəzər nəqliyyat marşrutu keçir və bu dəhliz getdikcə daha çox ölkənin maraq dairəsinə düşür. Rusiya ilə, o cümlədən nəqliyyat sektorunda əməkdaşlıqdan imtina edən ölkələrin sayının artması Avropa və Asiya dövlətlərini yük daşımaları üçün yeni marşrutlar axtarmağa məcbur edir.

Vaxtilə Rusiya ərazisindən istifadə edən ölkələrin hökumətləri bu gün siyasi risklərdən və asılılıqlardan uzaq alternativ yollar üzərində dayanmağa üstünlük verirlər”.

Ekspert bildirib ki, bu reallığı Paşinyan hökuməti də anlayır. Mövcud mərhələdə Rusiyadan Azərbaycanın ərazilərinə çıxan dəmir yolu xətlərinin bərpası ilə bağlı irəli sürülən təşəbbüslər iqtisadi zərurətdən çox siyasi manevr təsiri bağışlayır:

“Sözügedən addımların əsas məqsədi Ermənistan daxilində keçiriləcək seçkilər ərəfəsində Kremlin təzyiqlərini azaltmaq və Moskva ilə münasibətlərdə nisbi balans yaratmaqdır.

Lakin regional və beynəlxalq nəqliyyat reallıqları göstərir ki, Cənubi Qafqazda nəqliyyat xəritəsi artıq təkcə Rusiyanın maraqları üzərində qurulmur və bu, uzunmüddətli tendensiyadır”.

Chosen
121
nocomment.az

1Sources