EN

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və komissiyanın üzvləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Səfər çərçivəsində Naxçıvanda Komissiyanın üzvlərinin iştirakı ilə iclas keçirilib.

Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin Naxçıvanın inkişafına xüsusi diqqət göstərdiyini vurğulayaraq qeyd edib ki, muxtar respublikaya böyük investisiyalar yönəldilir, o cümlədən su təchizatı sahəsində məqsədyönlü tədbirlər görülür. Ölkə başçısının tapşırığına uyğun olaraq muxtar respublika əhalisinin su təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında əhalinin içməli və suvarma suyu ilə təminatının təkmilləşdirilməsi tədbirlərinin də öz əksini tapdığını vurğulayıb. Qeyd edib ki, komissiya üzvlərinin iştirakı ilə aparılacaq müzakirələr bu istiqamətdə problemlərin daha əhatəli həllini tapmasına şərait yaradacaq.

Görüşdə muxtar respublikada su təminatı və suvarma sistemlərinin fəaliyyəti qiymətləndirilib, su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunması ilə bağlı aktual məsələlər müzakirə edilib.

Chosen
76
7
azertag.az

8Sources