EN

Söz azadlığının inkişafı davamlı olaraq hüquqi aktlarla təmin edilir...


Dünyada cərəyan edən hadisələr informasiya üzərində qurulub və müasir həyatı onsuz təsəvvür etmək çətindir. İnformasiyanın düzgün idarə edilməsi, məlumatın vaxtında çatdırılması ictimai-siyasi həyata da ciddi təsir edir. Eyni zamanda informasiyanın dəqiqliyi, operativliyi də hadisələrin inkişafında önəmli rol oynayır.

Bu mənada azad mətbuat ictimai-siyasi həyatda ciddi faktora çevrilir. İnternet resursları, o cümlədən sosial şəbəkələr, elektron informasiya vasitələri cəmiyyətin maariflənməsi istiqamətində yeni istiqamət müəyyən edib. Söz və fikir azadlığı, informasiyanın maneəsiz yayılması ölkəmizdə demokratik inkişafın yüksələn xətlə inkişaf etməsinə işarədir. Deməli, yeni imkanlar informasiyanın dərhal yayılması üçün əla vasitədir.

Medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları qəbul edilib

Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Bütün bunların təminatı üçün isə ilk növbədə əlbəttə ki, həmin sahəni tənzimləyən qanunların olması və dövlət tərəfindən qorunması gərəkir, hansı ki, ölkəmizdə bu sahədə ilkin təminat məhz konstitusiyamıza əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib, institusional mexanizmlər də, bu istiqamətdə inkişafa təkan verən qurumlar belə formalaşdırılıb və bu baxımdan gələcək üçün də nikbin proqnozlar verilməsi üçün məntiqi əsas var. 1998-ci il iyunun 18-də senzuranın ləğvi yeni mərhələnin əsasını qoyub. Məhz 27 il əvvəl Heydər Əliyevin sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair “Dövlət Proqramı”, həmin il avqustun 6-da isə “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman söz, mətbuat və fikir azadlıqlarının təminatında önəmli rol oynayıb. Dövlətin mətbuat üzərində nəzarətinə son qoymaq üçün 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, mətbuatın daha da səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bununla da azad söz, sərbəst fikir, plüralizim yeni inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanının fəaliyyəti 28 il əvvəl təməli qoyulan sağlam bazanın üzərində möhkəmlənib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. 1995-ci ildə ilk dəfə proporsional üsulla demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib.

İnternetin geniş imkanlarından faydalanan yüz minlərlə insan medianın bir hissəsinə çevrilib

Azərbaycanda fikir və söz azadlığına heç bir məhdudiyyətin olmaması, sosial şəbəkələr üzərindən qurulan informasiya mübadiləsinə verilən sərbəstlik ölkəmizdə fikir və söz azadlığının təbliği üçün geniş imkanlar açır. İnternetin geniş imkanlarından faydalanan yüz minlələrlə insan müxtəlif sosial platformaların iştirakçısı olmaqla bərabər sosial medianın da bir hissəsinə çevrilib. Məsələ burasındadır ki, yüz minlərlə insanı əhatə edən internet resurslarında paylaşılan məlumatlar bir sıra hallarda həqiqəti əks etdirməsə də, insanlar öz fikirlərini ifadə etməkdə azaddırlar. Ayrı-ayrı xəbər portallarında, sosial mediada Azərbaycan vətəndaşlarının öz fikirlərini sərbəst ifadə etməsi də buna sübutdur.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, son illərdə bu yöndə hansı hüquqi dövlət aktları qəbul olunub və nəticə nədir?

Azərbaycan dövlətinin azad medianın inkişafında marağı var

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, internet resursları dünyada medianın strukturuna ciddi təsir edir: “Harda internet varsa, orada söz və fikir azadlığının məhdudlaşdırılmasını iddia etmək doğru deyil. İnternet elə bir imkan yaradır ki, hamının sərbəst istənilən məlumata çıxış imkanı olur. Azərbaycanda da demək olar bütün əhalinin internetə çıxış imkanları var və ondan istifadə edir. Bu, o deməkdir ki, internet varsa, sosial şəbəkələrə, digər informasiya resurslarına çıxış imkanı var. Jurnalistlər, blogerlər anında məlumat əldə edib yayırlar. Azərbaycan dövlətinin də azad medianın inkişafında marağı var. Maraq da ondan ibarətdir ki, bu kimi halların qanunla tənzimlənməsi və hüquqi əsasının yaradılması üçün 2000-ci ildə “Media haqqında” Qanun qəbul edilib. Azərbaycanda medianın fəaliyyətini tənzimləyən əsas qanun "Media haqqında" Azərbaycan Respublikasının Qanunudur (2021), bununla yanaşı, Media Agentliyinin və Audiovizual Şuranın yaradılması ilə bağlı yeni hüquqi baza formalaşıb, bu da informasiyanın əldə edilməsi, hazırlanması və yayılmasının hüquqi əsaslarını müəyyən edir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” AR Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bütün bunları qeyd etməkdə məqsədim odur ki, proses davam edir və “Media haqqında” Qanun dövrün tələblərinə uyğun təkmilləşdirilir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
117
baki-xeber.com

1Sources