EN

ABŞ Ukrayna danışıqlarının yeni raundu bu gün Mayamidə keçiriləcək Rusiya heyəti də Amerikaya gedəcək

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ və Ukrayna arasında danışıqların növbəti raundu bu gün Mayami şəhərində baş tutacaq.

“AzPolitika” bildirir ki, bu barədə Vaşinqtonda keçirdiyi yekun mətbuat konfransında ABŞ-nin dövlət katibi Marko Rubio məlumat verib.

Rubio bir daha vurğulayıb ki, Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması yalnız diplomatik yolla mümkündür. Onun sözlərinə görə, diplomatik həll qarşılıqlı güzəştləri nəzərdə tutur və tərəflər bu prosesdə həm nələrisə itirir, həm də nələrsə əldə edirlər. ABŞ-nin əsas məqsədi isə Rusiyanın və Ukraynanın nəyi itirə, nəyi qazana biləcəyini anlamaqdır.

Dövlət katibi qeyd edib ki, yekun qərarlar Moskva və Kiyev tərəfindən qəbul ediləcək, Vaşinqton isə bu prosesdə vasitəçi rolunu oynayır.

“Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik, lakin görüləsi çox iş var. Aydındır ki, ən çətin məsələlər adətən sonda həll olunur”, – deyə Rubio bildirib.

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Mayamidə məsləhətləşmələr aparacağını Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da təsdiqləyib.

“Axios”-un jurnalisti Barak Ravidin məlumatına görə, müzakirələrdə Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin Baş naziri Məhəmməd əl-Tani iştirak edə bilər. Lakin “RBK-Ukrayna”nın mənbələri Türkiyə və Qətər nümayəndələrinin danışıqlara qatılacağını təsdiqləməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl sülh prosesinin “müəyyən mərhələyə yaxınlaşdığını” bildirib və Rusiyanın mövqeyini Ukraynanın bəzi məsələlərdə kompromisə getmək istəməməsi səbəbindən dəyişə biləcəyini istisna etməyib.

Rusiya Prezidenti Vladimir Putin isə Moskvada keçirilən mətbuat konfransında Vaşinqtonun Rusiyaya “müəyyən kompromislər” təklif etdiyini və Ankoricdə keçirilən görüşdə Moskvanın Trampın təklifləri ilə “razılaşdığını və demək olar ki, qəbul etdiyini” açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ ilə təmaslara hazırlaşdıqlarını və Kiyevlə razılaşdırıldıqdan sonra Amerikanın sülh planında hansı dəyişikliklərin edildiyini anlamaq istədiklərini bildirib. “Politico” nəşrinin yazdığına görə, Rusiya və ABŞ nümayəndələri arasında mümkün danışıqlar 20–21 dekabr tarixlərində Mayamidə keçirilə bilər. Bildirilir ki, həmin görüşlərdə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa təmaslar nəzərdə tutulmur.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
88
azpolitika.info

1Sources