EN

Peşə təhsilinin şefi dəyişdi, bəs keyfiyyəti…

Ekspert: “Cəmiyyətə izah olunmalıdır ki, peşə təhsili ikincidərəcəli deyil”

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Lakin bu gün peşə təhsili bərbad vəziyyətdədir. Yeni rəhbərliyin gəlişi ilə kompleks işlər görülməlidir.

Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikincidərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

“Təhsil haqqında” qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmi faktiki olaraq bütün ixtisasları ali məktəblərə yönəltdiyindən, gənclərin seçim azadlığı məhdudlaşır. Xidmət sektoru üzrə bərbər, aşpaz, avtomexanik, qaynaqçı, elektrik, texniki xidmət mütəxəssisi kimi ixtisasların böyük əksəriyyəti peşə məktəblərində olmalı ikən indi bunların bir qismi də ali məktəblərin tabeliyinə verilib. Bu yanaşma həm gənclərin vaxtını uzadır, həm də əmək bazarına kadr çıxışını ləngidir.

Peşə təhsilinin yeni şefi hansısa dəyişikliklər edə bilərmi? 

Elçin Əfəndi

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssis təəssüflə qeyd edib ki, ölkədə peşə təhsili ilə bağlı cəmiyyət səviyyəsində formalaşmış ciddi bir mənfi stereotip mövcuddur:

“Bu stereotip uzun illər ərzində yanlış təsəvvürlər əsasında yaranıb və bu gün də öz təsirini qoruyub saxlayır. Hesab edirəm ki, bu yanlış yanaşmanın aradan qaldırılması üçün həm Peşə Təhsili üzrə Dövlət Agentliyi, həm də müvafiq nazirliklər tərəfindən məqsədyönlü təbliğat və sistemli maarifləndirmə işləri həyata keçirilməlidir. Cəmiyyətə aydın və düzgün şəkildə izah olunmalıdır ki, peşə təhsili ikinci dərəcəli deyil, əksinə, əmək bazarının real tələblərinə cavab verən vacib bir təhsil istiqamətidir.

Bu gün cəmiyyətdə və hətta bir çox iş yerlərində ali təhsil anlayışı sanki mütləq tələb kimi təqdim olunur. Məhz bu yanaşma nəticəsində cəmiyyətin əsas marağı yalnız ali təhsilə yönəlir. Lakin mövcud əmək bazarına diqqətlə nəzər salsaq, görərik ki, hazırda açıq olan və real ehtiyac yaradan iş yerlərinin böyük əksəriyyəti məhz peşə təhsili istiqamətinə aiddir. Bu baxımdan peşə təhsilinin əhəmiyyəti danılmazdır.

Ölkədə mövcud olan iş yerlərinin əksəriyyəti gözəllik salonları, aşpazlıq və iaşə sektoru, turizm və otelçilik sahəsi, mehmanxana təsərrüfatı, bağbanlıq və kənd təsərrüfatı, avtomobil ustalığı və digər texniki ixtisaslar üzrədir. Yəni peşə təhsili istiqamətində əmək fəaliyyətinə başlamaq üçün kifayət qədər geniş və real iş imkanları mövcuddur. Buna baxmayaraq, cəmiyyətdə hələ də belə bir yanlış düşüncə var ki, ali təhsil alan hər kəs avtomatik şəkildə işlə təmin olunacaq. Təəssüf ki, reallıq bunu təsdiqləmir”.

Elçin Əfəndi qeyd edib ki, son dövrlərin müşahidələrinə görə ali təhsil almış şəxslərin əhəmiyyətli bir hissəsi sonrakı mərhələdə yenidən peşə təhsili istiqamətinə yönəlməyə məcbur qalır:

“Məhz bundan sonra onlar real əmək fəaliyyətinə başlayırlar. Bu fakt özü-özlüyündə göstərir ki, peşə təhsili əmək bazarına çıxış baxımından daha çevik və effektiv mexanizmdir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi müəyyən işlər görsə də, hələ də bu sahədə çatışmayan məqamlar mövcuddur. Düşünürəm ki, yeni rəhbərlik bu çatışmazlıqları aydın şəkildə görərək onların aradan qaldırılması istiqamətində mühüm və sistemli addımlar ata bilər”.

Mütəxəssis vurğulayıb ki, məzunların iş imkanlarının yaxşılaşdırılması məqsədilə konkret tədbirlər planı hazırlanmalı, birbaşa mövcud olan iş imkanları real şəkildə ictimaiyyətə təqdim edilməlidir:

“Bu cür şəffaf və açıq yanaşma, şübhəsiz ki, peşə təhsilinə marağın daha da artmasına səbəb olacaq. Əlavə məqamlar da mövcuddur və düşünürəm ki, prosesin gedişində Agentliyin rəhbərliyi bu məsələləri yaxşı bilir və müvafiq istiqamətdə zəruri addımlar ata bilər”.

Musavat.com

Chosen
114
editor.az

1Sources