EN

“Qaradağ Lökbatan” qış çempionu oldu - TURUN ŞƏRHİ

Premyer-liqanın ardından srağagün daha bir çempionatda ilin son oyunları keçirildi. Söhbət 1-ci liqadan gedir. Artıq bu turnirin iştirakçıları da qış fasiləsinə yollanıb.

12-ci turun görüşləri rəqabət, intriqa, xoşbəxtlik, narazılıq və əlamətdarlıq baxımından yaxşı keçdi. Dekabrın 25-də keçirilən ilk oyunda “İmişli” “Mingəçevir”i qəbul etdi. Tərəflər nə qədər qol vurmaq istəsələr də, qalib müəyyənləşmədi. Belədə hərəyə 1 xal düşdü ki, Əsgər Abdullayevin yetirmələri yüksək yerlər uğrunda mübarizədə büdrədi. “Nur şəhəri” təmsilçisi isə səfərdən əliboş dönmədiyinə görə ancaq sevinə bilər. Axı komanda “sülh” sayəsində aşkar autsayderlərdən bir qədər də aralandı. İkinci oyunda “Araz Saatlı” evdə “İrəvan”ı məğlub etməyə çalışdı. Meydan sahibləri 26-cı dəqiqədə hesbı açmağa müvəffəq olsalar da, rəqibin təzyiqinə sona qədər tab gətirə bilmədilər. İlk hissənin sonunda ayağı açılan Qərbi Azərbaycan təmsilçisi ikinci yarıda daha bir qol vurub 3 xala yiyələndi. Tərəflərin ehtiyat oyunçular skamyasındakı kasadlıq da gözdən qaçmadı. Məhz bu komandalar qış fasiləsindən maksimum yararlanmağa məcburdu. Xüsusilə Nazim Süleymanov yetirmələrini çempion etmək istəyirsə, tələsməlidi. Turnir cədvəlinin sonuncusunu çətinliklə məğlub etmək, yəqin ki, klub rəhbərliyi üçün ciddi siqnaldı. Üçüncü qarşılaşma “Karvan”la “Zaqatala” arasında keçirildi. Ötən tur “Difai Ağsu”nun kor-peşman yola saldığı yevlaxlılar bu dəfə “doğma divarlar arasında” nisbətən zəif rəqibə uduzdu. Klub rəhbərliyi ardıcıl məğlubiyyətləri hakim idarəçiliyi ilə əlaqələndirir. Lakin tarixdə nəticə qalır. Kənan Kərimovun komandası nəticə baxımından geriləməkdədi. “Zaqatala”ya gəlincə, görünür, bu komanda ortabablar sırasında olmaq niyyətindədi.

Son iki oyun srağagün keçirildi. Turun həlledici maçları sona saxlanılmışdı. “Qaradağ Lökbatan” “Difai Ağsu”nu yensəydi, lider olacaqdı. MOİK-in bunun üçün şansı az idi. Daha dəqiq desək, ordu klubu “Şamaxı”nı məğlub etsə belə, Lökbatan təmsilçisi uduzmalıydı. Belədə arzuya çatan tərəf Azər Həşimovun komandası oldu. Kollektiv Ağsudan gələnləri 5:2 hesabıyla məğlub etməklə liderliyi qorudu. Bu da komandanın qış çempionu olması deməkdi. Qəzənfər Abbasovun yetirmələri isə Şamaxıdan əli ətəyindən uzun qayıtdı. “Şirlər” yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında fasiləyə qələbəylə yollandı.

KƏNAN BAHADIR

Chosen
702
48
football-plus.az

10Sources