Bakı, 22 dekabr, AZƏRTAC
Dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi ilə seçilən Prezident İlham Əliyev çox dəqiq anlayırdı ki, İrəvanın, Zəngəzurun və bütövlükdə Qərbi Azərbaycanın açarı Qarabağdan, xüsusilə də Xankəndidən keçir. Qarabağ məsələsi həll olunmadan Qərbi Azərbaycana qayıdışın mümkün olmadığını da məhz bu baxış formalaşdırırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, Qərbi Azərbaycana qayıdış bizim üçün həm də tarixi ədalət məsələsidir. "Bir əsr ərzində dörd dəfə deportasiyaya məruz qalmış xalq olaraq etnik təmizləmə və soyqırımı ilə barışmaq niyyətində deyilik. Qərbi Azərbaycanda babalarımızın, ailə üzvlərimizin məzarları var və biz bu irsə sahib çıxacağıq. Bu iradənin canlı nümunəsini biz Qarabağda gördük. Eyni əzm və inamla, sülh yolu ilə Qərbi Azərbaycana qayıdış prosesində də ön sırada məhz Azərbaycan gəncləri olacaq",- deyə M.İbrahimqızı vurğulayıb.