EN

Bakı benzini Ermənistana “od vurdu”

Deyir “dost başa baxar, düşmən ayağa”. Əlbəttə ki, ermənidən, Ermənistandan bizə hələ uzun müddət, bəlkə də heç vaxt dost çıxmayacaq – öz günahları üzündən təbii ki. Amma barı düşmənçilik eləməsinlər.

Minlərlə şəhidi və qazisi hesabına öz ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan məhz ikinci, praqmatik yolu seçib: Ermənistanı maksimum qısa zamanda zərərsiz, heç vaxt müharibə mənbəyi olmayacaq və “əl-ayağa dolaşmayacaq, beynəlxalq hüquqa, təməl qonşuluq prinslərinə riayət edəcək normal, məsuliyyətli ölkəyə çevirmək. Zor ya xoş.

Xoşluqla olsa lap yaxşı. Ən əvvəl elə hay toplumunun özü üçün. Təəssüf ki, “dinc varianta” ümid elə böyük deyil. Çünki “miatsum” virusu, Türkə heyvani nifrət bunların canından tam çıxmayıb, terror yuvası erməni kilsəsinə və quldur-başkəsənlərə, uşaq qatillərinə rəğbət erməni cəmiyyətində hələ də yüksək olaraq qalır. Unutmayaq, indinin özündə Ermənistan on illərdir qəhrəmanlaşdırılan terrorçulara (Qaregin Njde, “Nemezis” kompleksi və s.) qoyulmuş abidələrin qoruğu kimidir...

Azərbaycanın hədəfi son dərəcə aydın, səmimi və bəşəri: bir daha bölgədə müharibə, qırğınlar olmasın, ermənilər daxil, region xalqları dinc-yanaşı, sülh və əməkdaşlıq içində yaşasın, bir-biri ilə ticarət eləsin, bu fonda xarici güclərin, özəlliklə Rusiyanın bölgəyə bəd niyyətlə müdaxilə imkanları minimuma ensin.

Sülh müqaviləsi imzalanmadan qonşu ölkəyə Azərbaycan üzərindən tranzit yolunun açılmasında, ardınca Bakı benzininin İrəvana göndərilmsində əsas mesaj bu. Bu, həm də Azərbaycanın qalib tərəf kimi böyüklüyündən, regionun aparıcı dövləti olaraq tarixi məsuliyyətindən qaynaqlanır...

Buna da şəkk-şübhə yox ki, belə bir xoşməramlı niyyətə ən böyük əngəl erməni radikal-revanşistlər və yuxarıda vurğulandığı kimi, xalqları bir-birinə qırdırmaqla öz çirkin planlarını reallaşdırmağa çalışan xarici güclərdir. Bu da “isti” fakt.

“Azərbaycan benzini bizim üçün milli rüsvayçılıqdır. Bir neçə il qabaq ermənilərin bütöv bir nəslini məhv edən, hərbi əsirlərimiz üçün ömürlük həbs cəzası tələb edən, artsaxdakı erməni şəhər və kəndlərini dağıdan və yaxın gələcəkdə Sevanı “Göyçə”yə çevirməyi və 300 000 azərbaycanlını ölkəmizə “deportasiya” etməyi planlaşdıran bir ölkədən benzin almağı necə təsəvvür etmək olar?”

Bu avantürist sözlərin müəllifi revanşist-ekspert Vaqe Ovannisyandır.

Ovanisyan davamında görün nə çərənləyir: “Azərbaycan benzini əsl referendum məsələsidir: biz cəmiyyət olaraq mütəşəkkil şəkildə buna “YOX” deyə bilirikmi, yoxsa artıq bir varlıq kimi mövcud deyilik və hər şeyi qəbul etməyə məcbur edilə bilərik? Bunu indi etməsək, sabah bizə hər şeyi zorla qəbul etdirə bilərlər. Azərbaycan benzinindən imtina vətəndaş mövqeyi və milli ləyaqətin nümayişi olmalıdır”...

Birincisi, əli silahlı “ermənilərin bütöv bir nəsli”nin Azərbaycanın qanuni ərazisində nə ölümü vardı ki, Qarabağ da onlara məzar olsun? İkincisi, Bakıda məhkəməsi gedənlərin mələk yox, cani olduqları istintaqsız-zadsız da bəlli. Onlar mütləq layiqli cəzalarına çatdırılacaq ki, Ovannisyan çaplı şərəfsizlərə də əbədi dərs olsun!

Üçüncüsü, Qarabağda şəhər və kəndləri yerlə-yeksan edən, digər bəşəri cinayətlər törədən millətin adı bütün dünyaya çoxdan məlum. “N” qədər foto-video sübutlar, canlı şahidlər var. Öz mənfur adınızı utranmazcasına bizə qoymayın!

Dördüncüsü, Göyçə nə vaxt “Sevan” olub, az qala məktəbliyə də məlum. Get heç olmasa, çar Rusiyasının son xəritələrinə bax. O Rusiya ki, Qafqazda sizə qondarma dövlət qurub. Haqq eləmədiyiniz halda.

Nəhayət, öz yurd yerlərindən vəhşicəsinə qovulmuş soydaşlarımızın qayıdış hüququ nə vaxtdan bəd planların təzahürü olub?..

Sonra. Bu yaramaz revanşist erməniləri Azərbaycan benzinindən imtinaya çağırır. İmtina ediləcəkmi?

Bir şey yəqindir ki, Ovannisyanın təklifinə hay verənlərin sayı ölkədə ümumən sülh və konstitusiyaya dəyişikliyi əleyhdarlarının faizindən çox olmayacaq. Nə qədər olacaq? Təxminən 57%. Az öncə “Gallup”un keçirdiyi sorğu əhalinin məhz bu qədərinin Ermənistan konstitusiyasını dəyişdirməyə qarşı olduğunu üzə çıxarmışdı. Yəni söhbət əslində referendum və seçkilər öncəsi növbəti testdən, lakmus kağızından gedir.

Məsələ də ondadır ki, nanəcib qonşularımız üçün son dərəcə unikal bir şans yaranıb. Erməni xalqının xilası da SOCAR benzinini deyil, ovannisyanları boykot eləməkdən keçir. Bizdən xəbərdarlıq eləmək...

Chosen
93
ekologiya.az

1Sources