Paris, 22 dekabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron yeni nəsil təyyarıdaşıyan gəminin (PA-NG) tikintisinə rəsmi start verildiyini elan edib. Bu gəmi hazırda Fransa donanmasının əsas təyyarədaşıyanı olan “Şarl de Qoll”u əvəz edəcək və 2038-ci ildə istismara verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, PA-NG layihəsi təxminən 80 min ton yerdəyişməyə, 310 metr uzunluğa malik olacaq və nüvə enerjisi ilə işləyəcək. Gəmidə 2000-ə yaxın dənizçi, təxminən 30 döyüş təyyarəsi, o cümlədən gələcək “Rafale F5”, helikopterlər və müxtəlif növ dronlar yerləşdirilə biləcək. Uçuşlar üçün elektromaqnit katapult sistemi (EMALS) nəzərdə tutulur ki, bu da daha ağır və müasir təyyarələrin havaya qalxmasına imkan verəcək.
Tikinti Sen-Nazer tərsanələrində aparılacaq və “Naval Group”, eləcə də Fransa Alternativ Enerji və Atom Enerjisi Komissiyası (CEA) daxil olmaqla təxminən 800 şirkət layihədə iştirak edəcək. Layihənin ümumi dəyəri 10 milyard avrodan çox qiymətləndirilir və 14 minə yaxın iş yeri yaradacağı bildirilir.
Yeni təyyarədaşıyan Fransa üçün strateji əhəmiyyət daşıyır. O ölkənin hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirəcək və “yeni təhlükələrə” cavab vermək məqsədi daşıyacaq. Bununla belə, bəzi ekspertlər bu cür böyük layihənin gələcək münaqişələrin xarakteri baxımından mübahisəli olduğunu da vurğulayırlar.