EN

Hədəfimiz qarşılıqlı ticarətdə birinci yerə yüksəlmək olmalıdır - Ömər Bolat

2000-ci illərin sonlarından bu yana Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib.

Day.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin bu qədər yüksək səviyyəyə qalxması və Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər hamımızı sevindirir və qürurlandırır.
Türkiyə-Azərbaycan iqtisadi əlaqələri xüsusilə enerji sahəsində böyük irəliləyişlər əldə edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP kimi strateji layihələr uğurla həyata keçirilib. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi münasibətlərimizə mühüm infrastruktur töhfəsi verib. Ticarət sahəsində də oxşar şəkildə sürətli inkişaf müşahidə olunur", - nazir vurğulayıb.

Ö. Bolat qeyd edib ki, 2000-ci illərin sonlarından bu yana Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib, yəni üç dəfədən çox artım qeydə alınıb: "Məmnunluqla qeyd edirik ki, Türkiyə Azərbaycanın ixracında ikinci yerə yüksəlib. Azərbaycanın idxalında isə Türkiyə üçüncü sıradadır.

Hədəfimiz qarşılıqlı ticarətdə birinci yerə yüksəlmək olmalıdır. Çünki Azərbaycan həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, həm də xüsusilə Türk dünyası dövlətlərinə çıxış baxımından mühüm strateji qovşaq mövqeyinə malikdir. Enerji xətləri və yaxın zamanda tamamlanacağına ümid etdiyimiz Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Orta Asiya və Uzaq Şərqə daha sürətli çıxışı mümkün olacaq. Eyni zamanda Orta Dəhliz Azərbaycan və Türkiyə üzərindən keçərək dünya ticarətində sürətləndirici təsir yaradacaq, bölgə ölkələri və şəhərlərində ticarət, istehsal və investisiya canlanmasına səbəb olacaq".

Chosen
58
1
day.az

2Sources