EN

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği

Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qoruğu İdarəsində İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdimatına həsr olunan ilin yekunları üzrə mətbuat konfransı keçirilib.

Hafta.az xəbər verir ki, əvvəlcə İçərişəhərdə il ərzində görülən işləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud 2025-ci ildə həyata keçirilən fəaliyyətlərlə bağlı məlumat verib.

O qeyd edib ki, məqsəd təkcə infrastrukturun yenilənməsi deyil, həm də idarəetmə mədəniyyətinin müasirləşdirilməsidir:

“Qeyd etmək istəyirəm ki, işlər əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında ardıcıllıqla həyata keçirilib. Bu yanaşma resursların səmərəli idarə olunmasına və dayanıqlı nəticələr əldə etməyə imkan verib”.

Onun sözlərinə görə, idarəetmədə institusional islahatlar aparılıb, struktur optimallaşdırılıb, daha çevik və şəffaf idarəetmə mexanizmləri tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib.

R.Mahmud qeyd edib ki, daxili proseslərin standartlaşdırılması genişləndirilib, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə təminat mexanizmləri də optimallaşdırılıb:

“İçərişəhərdə, o cümlədən Neftçilər prospekti boyunca fasadlar və balkonlar mərhələli şəkildə təmir olunub, tarixi görünüşə uyğun olmayan elementlər sökülüb. Uzun illərdən qalmış yararsız konstruksiyalar, səliqəsiz görüntü yaradan detallar aradan qaldırılıb, balkonlarda yerləşdirilmiş kombi sistemləri, antenalar və digər texniki elementlər mümkün qədər nizamlanıb və vizual mühitə uyğunlaşdırılıb”.

R.Mahmud vurğulayıb ki, İçərişəhərin giriş hissəsində - həm Neftçilər prospekti istiqamətindəki əsas girişdə, həm də Qoşa Qala qapısı ətrafında köşklərin sökülməsi həyata keçirilib. Bu addım ərazidə daha estetik və açıq ictimai məkanın formalaşdırılmasına imkan verib:

“Piyada hərəkəti üçün şərait yaxşılaşdırılıb və fiziki əlçatanlığın təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb. Bu, xüsusilə hərəkət imkanları məhdud olan şəxslərin İçərişəhər ərazisində daha rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradır. Eyni zamanda Neftçilər prospekti istiqamətində gediş-gəlişin daha səmərəli təşkili üçün də əlavə addımlar atılıb”.

O bildirib ki, daxili ərazidə də genişmiqyaslı işlər görülüb. Bir çox ünvanlarda uzun illər plastik materiallarla örtülmüş, baxımsız vəziyyətdə olan balkon və fasad elementləri təmizlənərək ilkin görünüşün bərpası istiqamətində tədbirlər həyata keçirilib.

Onun sözlərinə görə, 28 ünvanda sakinlərin mənzillərinin təmizlənməsi və məişət tullantılarının çıxarılması təmin olunub. Həmçinin bir sıra binaların fasadları yenilənib, baxımsız ərazilər mərhələli şəkildə təmizlənərək səliqəyə salınıb:

“Hazırda isə digər infrastruktur xidmətlərinin yenilənməsi məqsədilə layihələr hazırlanıb. İşıqlandırma, kommunikasiya xətləri və texniki qurğularla bağlı yenilənmələr üzrə təkliflər formalaşdırılıb. Ümid edirik ki, 2026-cı ildə bu layihələrin icrasına başlanılacaq”.

Arzu Zeynallı

Chosen
105
4
hafta.az

4Sources