ain.az bildirir, Bizimyol portalına istinadən.
Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərdə praqmatik siyasət yürütməyə davam edir, lakin elə “qırmızı xətlər” mövcuddur ki, onlar aradan qaldırılmadan iki ölkə arasında diplomatik münasibətlərin bərpası mümkün deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirmişdi ki, Tbilisi Rusiyaya qarşı oyunlarda “mübadilə predmeti”nə çevrilmədiyi təqdirdə, Moskva Gürcüstanla münasibətlərin normallaşdırılmasına ciddi şəkildə hazırdır. Onun sözlərinə görə, Rusiya tərəfi Gürcüstanla sabit münasibətlərdə maraqlıdır və Tbilisinin xarici siyasətində “sağlam praqmatizmi” və çoxvektorlu yanaşmaya meyli qeyd edir.
“Bizim diplomatik münasibətlərimiz yoxdur, lakin bununla yanaşı ticarət-iqtisadi əlaqələr mövcuddur və biz praqmatik siyasəti davam etdiririk. Bizim vəzifəmiz münaqişəni sülh yolu ilə tənzimləməkdir. Təbii ki, bu yolda çoxlu çətinliklər var və qlobal siyasət də mürəkkəb şəkildə inkişaf edir”, – deyə Kobaxidze bildirib.
Baş nazirin qeyd edib ki, Gürcüstanın Rusiya ilə bağlı siyasəti son dərəcə aydındır. Tbilisi üçün əsas “qırmızı xətt” ərazi problemləri məsələsidir və bu məsələ həll olunmadan mövcud status-kvonun yenidən nəzərdən keçirilməsi və diplomatik münasibətlərin bərpası mümkün deyil.
“Bunun hüquqi və siyasi əsasları var… Gələcəkdə şəraitin necə dəyişəcəyini görəcəyik, lakin cəmiyyətə tam aydın şəkildə deyə bilərik: bizim "qırmızı xətlərimiz" var və onların ən başlıcası işğal mövzusu ilə bağlıdır”, – deyə baş nazir vurğulayıb.
Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər mövcud deyil. Bu münasibətlər 2008-ci ilin avqustunda baş verən münaqişədən sonra, Moskvanın Abxaziya və Tsxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyini tanımasından sonra Gürcüstan tərəfinin qərarı ilə kəsilib.
Hazırda Rusiya ilə Gürcüstan arasında siyasi dialoq Cenevrə danışıqları çərçivəsində davam etdirilir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.