EN

"Azərbaycan artıq gözləyən ölkə deyil, ölkə öz taleyini özü yazır" - Tural Gəncəliyev

"2003-cü ildən bu günə qədər Azərbaycan yalnız bir dövrünü deyil, bir taleyini dəyişib. Bu dəyişimin mərkəzində qətiyyət, siyasi iradə və milli məsuliyyət dayanır".

Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclası zamanı dedi:

"İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdərək güclü dövlət statusuna çatıb və beynəlxalq aləmdə mövqeyi nəzərə alınan ölkəyə çevrilib".

Deputat iqtisadi sahədə ölkənin əldə etdiyi uğurları qeyd edib:

"Enerji resursları artıq sadəcə ixrac predmeti deyil, dövlətin dayağına çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunu təmin edib. Hazırda isə ölkə yaşıl enerji gündəliyi ilə yeni mərhələyə qədəm qoyur".

Tural Gəncəliyev Qarabağ uğrunda 2020-ci il müharibəsini Azərbaycanın ən ağır və şərəfli sınağı adlandırıb.

"44 gün ərzində Azərbaycan ordusu yalnız torpaqları deyil, milli ləyaqəti də bərpa edib. 2023-cü ildə suverenlik tam təmin olunub, Xankəndidə Azərbaycan bayrağı qaldırılıb və Ermənistanın təcavüz siyasətinin əsas dayaqları sarsılıb",- deyə deputat vurğulayıb.

Deputat bildirib ki, dağıdılmış şəhərlər dirçəlir, yollar çəkilir, məktəblər və xəstəxanalar tikilir. “Böyük Qayıdış” həm fiziki, həm də mənəvi qayıdışdır. Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi, logistika və enerji mərkəzlərinə çevrilir.

Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan artıq gözləyən ölkə deyil; ölkə öz taleyini özü yazır və bu yolun adı güclü liderlik, güclü dövlət və güclü Azərbaycandır.

Aminə ŞAHSUVARQIZI

Chosen
84
redaktor.az

1Sources