EN

İqtisadçı: Vergi borclarının yığılmasının effektivliyi artırılır

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycanda vergi borclarının yığılmasının effektivliyinin artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, bu sahədə məlumatlılığın artırılması, eləcə də vergi öhdəliklərinin daha effektiv yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi dövlətin diqqət mərkəzidədir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində son zamanlar edilmiş mühüm dəyişikliklərdən biri də vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

“Bu sahədə təkmilləşdirmələrin dünya təcrübəsinə uyğunluğunun təmin edilməsi üçün beynəlxalq təcrübə də öyrənilir və Dövlət Vergi Xidməti ilə Dünya Bankı arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” üzrə əməkdaşlıq çərçivəsində müzakirələr aparılır. Əsas məqsəd Azərbaycanın vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq və vergi borclarının alınması sahəsində müasir alətlər haqqında maarifləndirmə tədbirlərinin təqdim edilməsidir”, - deyə Xalid Kərimli vurğulayıb.

İqtisadçı, həmçinin qeyd edib ki, vergiödəyiciləri üçün vergi borcu haqqında məlumatın asan və sadə üsulla əldə edilməsi məqsədilə elektron xidmətlər yaradılıb: “Dövlət Vergi Xidməti tərəfindən borclu vergiödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirilir ki, bu təkmilləşmələr, yanaşmalar və metodlar vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edir”.

 

Chosen
67
1
azertag.az

2Sources