EN

Xalqını qalib edən müzəffər lider – İlham Əliyev » AzadMedia.az


Mehman Rzayev
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, Əməkdar Həkim

Azərbaycanın müasir tarixi elə bir mərhələyə qədəm qoydu ki, bu mərhələ xalqın onilliklər boyu ürəyində daşıdığı ağrını qürura, nisgili qələbəyə çevirdi. 30 ildən çox bir zaman kəsiyində işğal olunan torpaqlarımız, məcburi qaşqın və köçkün düşən soydaşlarımız, nəhayət hər bir azərbaycanlının qəlbində yaşayan şəhidlərimiz, itkin düşən qəhrəman oğullarımız...
“Biz işğal olunmuş torpaqlarımızı mütləq azad edəcəyik. Bütün qaçqınlar və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.” Bu fikirlərini qətiyyətlə söylərkən Ulu öndər Heydər Əliyev əsasını qoyduğu inkişaf strategiyasının layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəyini, Azərbaycanın dünyada öz iqtisadi və siyasi, eləcə də özündən bəhs etdirə biləcək qüdrətli bir ordusunun formalaşacığını dəqiq siyasi düsturlarla hesablayaraq bunlara tam əmin idi. Dahi şəxsiyyət “İlham Əliyev müasir düşüncəli, yüksək intellektli, vətənpərvər və prinsipial siyasətçidir. İnanıram ki, o, Azərbaycanın inkişaf yolunu uğurla davam etdirəcək. Azərbaycanın gələcəyi etibarlı əllərdədir” deyəndə artıq tam əmin idi ki, Azərbaycanın siyasi kursunun davamlılığını və sabitliyini təmin edəcək lider məhz İlham Əliyevdir.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti yalnız iqtisadi və siyasi baxımdan güclənmədi, eyni zamanda milli ruhunu, özünə inamını və haqq səsini dünyaya bəyan etdi. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi bir təsadüf deyil, ardıcıl, məqsədyönlü və prinsipial dövlət siyasətinin məntiqi nəticəsi idi. Bu siyasətin təməlində güclü ordu quruculuğu, müasir silahlanma, peşəkar kadr hazırlığı və ən əsası, xalq–lider birliyi dayanırdı.
2020-ci ilin Vətən müharibəsi İlham Əliyevin liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. O, həm döyüş meydanında, həm də informasiya və diplomatiya cəbhəsində qətiyyətli mövqe sərgilədi. “Qarabağ Azərbaycandır!” deyən Prezident bu ifadəni yalnız siyasi şüar kimi deyil, real tarixi həqiqət kimi təsdiqlədi. Onun beynəlxalq mediaya verdiyi müsahibələr, faktlara əsaslanan arqumentləri və sarsılmaz mövqeyi Azərbaycanın haqlı mübarizəsinin qlobal miqyasda qəbul olunmasına böyük töhfə verdi.
Müzəffər Ali Baş Komandan kimi İlham Əliyevin ən böyük gücü ordusuna və xalqına olan inamı idi. Azərbaycan əsgəri Prezidentin etimadını döyüş meydanında şücaətlə doğrultdu. “Dəmir Yumruq”un ətrafında sıx birləşərək qorxmadan, çəkinmədən, qəhrəmancasına döyüşən müzəffər ordu 44 gün ərzində əsl qələbə səlnaməsi yazdı. Şuşanın azad edilməsi isə bu müharibənin rəmzinə çevrildi – bu, təkcə hərbi qələbə deyil, milli ləyaqətin, tarixi ədalətin bərpası oldu.
Erməni separatizminin tarixi ata-baba torpaqlarımızdan tam silinməsi üçün siyasi iradə və qətiyyət göstərən Ali Baş komandanın rəhbərliyi ilə lokal antiterror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusiya quruluşunun bərpasına, qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsinə və separatizmə birdəfəlik son qoyulmasına xidmət etdi. Bu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını qorumaqda qətiyyətlidir və heç bir təzyiq qarşısında geri çəkilmir.
Qələbədən sonra Prezident İlham Əliyevin azad edilən torpaqlara səfərləri, orada üçrəngli bayrağımızı ucaltması, “Bu torpaqların sahibi bizik” mesajı tarixə qızıl hərflərlə yazıldı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bir daha göstərir ki, İlham Əliyev təkcə torpaqları azad edən lider deyil, həm də o torpaqlara həyat qaytaran dövlət başçısıdır.
Müzəffər Ali baş komandan “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” fikirləri ilə bir daha bəyan etdi ki,Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu tam bərpa olunub və dövlət suverenliyi bütövlükdə təmin edilir.
Vətən müharibəsində tarixi qələbədən sonra işğaldan azad edilən torpaqlarda yeni yollar salınır, hava limanları, yaşayış massivləri, məktəblər, xəstəxanalar inşa edilir. Bütün bunlar Prezidentin “Böyük Qayıdış” strategiyasının real təcəssümüdür. Bu strategiya sadəcə infrastruktur layihəsi deyil, tarixi ədalətin sosial və mənəvi bərpasıdır.
İlham Əliyev Azərbaycan tarixində torpaqlarını azad edən, xalqını qalib xalq edən lider kimi qalacaq. Onun adı müstəqil, güclü və qalib Azərbaycanın simvoluna çevrilib. Bu gün Azərbaycan vətəndaşı başını dik tutur, çünki onun dövləti var, ordusu var və ən əsası, xalqının iradəsini qələbəyə çevirən müzəffər lideri var. Bu qələbə bir nəsilin yox, bütün millətin qürurudur. Bu qürurun adı isə – İlham Əliyevdir.
Prezident İlham Əliyevin balanslı və müdrik diplomatiyası nəticəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibi olan dövlətə çevrilmişdir. Beynəlxalq təşkilatların tribunasından Azərbaycanın haqq səsinin çatdırılması, ölkəmizin mövqeyinin müdafiəsi və qlobal problemlərin həllinə töhfə verilməsi İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin əsas göstəricilərindəndir. Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı yalnız milli maraqların qorunmasına deyil, eyni zamanda regional sabitliyə, əməkdaşlığa və sülhə xidmət edən nümunəvi model kimi qəbul olunur.
Azərbaycan heç bir beynəlxalq güc mərkəzindən asılı olmayan, öz milli maraqlarını əsas götürən müstəqil xarici siyasət yürüdür. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri Azərbaycanın xarici siyasətinin əsas ideoloji xəttini təşkil edir. Bu mövqe beynəlxalq təşkilatlarda daim qətiyyətlə müdafiə olunur və praktik nəticələrlə təsdiqlənir. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində fəal rol oynayır. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsləri qlobal miqyasda yüksək qiymətləndirilib. Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizin xarici siyasəti ilə bağlı bu fikirləri söyləyib:
“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq.”
Azərbaycanın haqq səsini daim ən yüksək beynəlxalq tribunalardan qətiyyətlə bəyan edən dövlət başçısı, torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda dayanıqlı sülhün bərqərar olunmasını xarici siyasətin əsas prioritetinə çevirmişdir. Prezident İlham Əliyev postmünaqişə dövründə revanşizmə deyil, əməkdaşlığa, qarşıdurmaya deyil, dialoqa üstünlük verən prinsipial mövqe ortaya qoyur.
Dövlət başçısı dəfələrlə beynəlxalq platformalarda bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır və bu reallıqlar sülhə, təhlükəsizliyə və inkişafa xidmət etməlidir. Məhz bu baxımdan Prezident İlham Əliyev region ölkələri arasında etimadın formalaşdırılması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün bütün siyasi, diplomatik və strateji rıçaqlardan məqsədyönlü şəkildə istifadə edir.
Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əsaslanır. Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqaz qarşıdurmalar məkanı deyil, əməkdaşlıq və inkişaf bölgəsinə çevrilməlidir. Bu yanaşma həm region xalqlarının rifahına, həm də qlobal təhlükəsizliyə mühüm töhfə verir.
Bu gün Azərbaycanın təşəbbüsləri nəticəsində regionda yeni əməkdaşlıq formatları formalaşır, sülh gündəliyi real siyasi məzmun kəsb edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sübut edir ki, qazanılmış hərbi-siyasi qələbə sülhlə tamamlananda tarixi əhəmiyyət daşıyır. Məhz buna görə də dövlət başçısının fəaliyyəti yalnız torpaqların azad edilməsi ilə deyil, sabit, təhlükəsiz və inkişaf edən Cənubi Qafqazın qurulması ilə tarixə yazılır.


Chosen
25
46
azadmedia.az

10Sources