İkinci Liqanın XIV turunda “Xankəndi” səfərdə “Şəki Siti”ni 2:1 hesabı ilə məğlub edib. Qarabağ təmsilşisinə təkbaşına qələbə qazandıran Bəhruz Teymurov qarşılaşmanı dəyərləndirib.
Matçda dubl edən hücumçu Fanat.Az-a belə danışıb:
“Qış fasiləsi öncəsi son oyun olduğundan qarşılaşmanın əhəmiyyəti bizim üçün çox önəmli idi. Bu oyunda yalnız qələbə bizi qane edirdi. Ötən turda baş verən məlum hadisələrdən sonra "Şəki Siti"nin oyuna çıxmayacağı ilə bağlı müxtəlif söz-söhbətlər dolaşırdı. Amma biz bütün bunları bir kənara qoyub, diqqətimizi yalnız meydandakı mübarizəyə yönəltdik. Çətin oyun oldu, lakin xarakter göstərdik və istəyimizə çatdıq.
Vurduğum qollara gəlincə, qələbədə payımın olmasını xüsusi qürur hissi ilə qeyd edirəm. Komandama fayda verə bildiyim üçün çox xoşbəxtəm.
Bombardirlik mənim üçün əsas məqsəd deyil. Mən hər oyuna yalnız bir düşüncə ilə çıxıram – komandanın qələbəsi. Qol vurmaq isə bu yolun sadəcə bir parçasıdır.
Qış fasiləsini tam istirahət kimi qəbul etmirik. Qısa fasilədən sonra yenidən məşqlərə başlayacağıq və ikinci dövrəyə daha da güclü, daha da iddialı şəkildə qayıdacağıq. Məqsədimiz bəllidir – çempionluq!”
Mirağa