Ukraynanın Sumı vilayətinin sərhədyanı Qrabovske kəndi ərazisinə təxminən 100 nəfər rusiyalı hərbçi daxil olub və Ryasnoye istiqamətində irəliləməyə cəhd edib. Hazırda yaşayış məntəqəsində şiddətli döyüşlər davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Suspilne” nəşrinə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Qrupunun Kommunikasiya şöbəsinin rəisi Viktor Trequbov məlumat verib.
Onun sözlərinə görə, Rusiya bölmələri Qrabovskinin cənub hissəsində möhkəmlənməyə çalışır, Ukrayna qüvvələri isə onların tutduqları mövqelərdən çıxarılması üçün əks-hücum tədbirləri həyata keçirir.
Qeyd olunur ki, dekabrın 21-də Ukraynanın Müdafiə Qüvvələri kənd ətrafındakı bəzi mövqelərdən geri çəkilib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, Rusiya tərəfi daha əvvəl Ukraynanın dərinliklərinə evakuasiyadan imtina etmiş, əsasən yaşlı insanlardan ibarət 50-dən çox yerli sakini Rusiya ərazisinə aparıb.
Müşviq Tofiqoğlu
KONKRET.az