EN

Zəfər seçkisi



2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, ölkənin suverenliyinin, dövlətçilik ənənələrinin və milli iradənin parlaq təcəssümü kimi yadda qaldı. Xalq arasında “Zəfər seçkisi” adlandırılan bu seçki, ilk növbədə, Prezident İlham Əliyevin uzunmüddətli, ardıcıl və strateji fəaliyyətinə verilən yüksək ictimai-siyasi qiymətin ifadəsi oldu.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra ilk dəfə bütün Azərbaycan ərazisində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda seçkilərin keçirilməsi ölkənin ərazi bütövlüyünün tam bərpasının siyasi-hüquqi təsdiqi kimi tarixə düşdü. Xankəndidə, Şuşada, Laçında və digər azad edilmiş bölgələrdə səsvermənin təşkili Azərbaycan dövlətinin gücünü, idarəetmə qabiliyyətini və suveren iradəsini bir daha nümayiş etdirdi.
Seçkilərin ilkin və yekun nəticələrinə əsasən, cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin-92 faizdən çoxunun etimadını qazanaraq inamlı qələbə əldə etdi. Bu nəticə təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, iqtisadi islahatların, sosial rifahın yüksəldilməsinin, güclü ordu quruculuğunun və milli maraqlara əsaslanan prinsipial mövqeyinin məntiqi nəticəsidir.
Zəfər seçkisi həmçinin milli həmrəyliyin, siyasi sabitliyin və cəmiyyətin gələcəyə inamının göstəricisi oldu. Seçkilərdən sonra həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çoxsaylı dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz sübutudur. Bu təbriklər Azərbaycanın regionda və qlobal miqyasda etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmət edilən dövlət kimi qəbul edildiyini göstərir.
Prezident İlham Əliyevin beşinci dəfə dövlət başçısı seçilməsi Azərbaycan xalqının ona olan sarsılmaz etimadının, eyni zamanda qarşıdakı illər üçün böyük gözləntilərinin ifadəsidir. Qarşıda duran əsas hədəflər-işğaldan azad edilmiş ərazilərin bərpası, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi, dayanıqlı iqtisadi inkişaf, sosial ədalətin möhkəmləndirilməsi və Azərbaycanın güclü dövlət kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.
2024-cü il prezident seçkiləri Azərbaycan tarixində sadəcə siyasi proses deyil, həmçinin milli qürurun, dövlətçilik zəfərinin və gələcəyə inamın rəmzi kimi dəyərləndirilir. “Zəfər seçkisi” bir daha sübut etdi ki, Azərbaycan xalqı öz Liderinə inanır, onun müəyyən etdiyi strateji kursu hər zaman dəstəkləyir və bu yol ölkəni daha parlaq sabaha aparır.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci



Chosen
31
aia.az

1Sources