Ukrayna hakimiyyəti 1999-cu ildən Krımda qazıntı ekspedisiyasına rəhbərlik edən Sankt-Peterburq Ermitaj Muzeyinin elmi işçisi rusiyalı arxeoloq Aleksandr Butyaginin ekstradisiyası üçün Varşava Rayon Prokurorluğuna sorğu göndərib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə bazar ertəsi RMF FM radiosu məlumat verib.
Butyagin 11 dekabrda Polşada Rusiyanın ilhaq etdiyi yarımadada qanunsuz qazıntılar aparmaqda şübhəli bilinərək saxlanılıb. Prokurorluq tərəfindən dindirildikdən sonra Polşa məhkəməsi Rusiya vətəndaşını müvəqqəti olaraq 40 gün müddətinə həbs edib.
Ekstradisiya qərarını Polşa məhkəməsi verəcək. RMF FM qeyd edir ki, bundan əvvəl prokurorluq Kiyevin sorğusunun 1957-ci il Avropa Ekstradisiya Konvensiyasının müddəalarına uyğun olub-olmadığını qiymətləndirməlidir. Daha sonra prokurorluq öz mövqeyini formalaşdıracaq və məhkəməyə təqdim edəcək.
Ukraynada Butyagin mədəni irs obyektində qanunsuz qazıntılar aparmaqda və onun obyektlərini məhv etməkdə şübhəli bilinir, nəticədə 200 milyon qrivnadan (8 milyon manatdan çox) çox ziyan dəyib. Müstəntiqlərin fikrincə, Krımın ilhaqından sonra Butyagin Ermitajın Mirmekion Arxeoloji Ekspedisiyasının rəhbəri kimi və Ukrayna hakimiyyət orqanlarının heç bir icazəsi olmadan Kerçdəki mədəni irs ərazisində - "Qədim Mirmekion Şəhəri"ndə qanunsuz qazıntılar aparıb.
Almaz Həsənli