EN

Azərbaycan Türkiyə regional iqtisadi gücə çevrilir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İqtisadi-ticari-investisiya əməkdaşlığının yeni hədəfləri nəzərdəm keçirilib

Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib. İclasda çıxış edən Baş nazir Əli Əsədov qardaş ölkələr arasında dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm münasibətlərin siyasi, iqtisadi, humanitar sahələrdə birgə misilsiz uğurlara gətirib çıxardığını vurğulayıb. Bildirilib ki, 4 il əvvəl imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırıb. Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlər isə sıx təmasların ən yaxşı göstəricisidir, təkcə bu il prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutması da bunu təsdiqləyir. Hər iki ölkə, eyni zamanda, Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərir.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə qeyd edib ki, Birgə Hökumətlərarası Komissiya iqtisadi və ticari təşviqlərlər yanaşı, investisiyaların artırılması, gömrük rejiminin asanlaşması, yeni enerji və nəqliyyat layihələri, eləcə də təhsil, səhiyyə və digər genişspektrli proqramların icrası üçün əməkdaşlığın dərinləşdirilməsinə töhfə  verir. Hazırda həm Hökumətlərarası Komissiyanın, həm də Türkiyə-Azərbaycan Biznes Şurasının koordinasiyası ilə qarşılıqlı fəaliyyət sxemi üzrə əlaqələrin genişləndirilməsi, hədəf sektorlar üzrə ticarət nümayəndə heyətlərinin təşkili, sərgilərdə qarşılıqlı iştirakın artırılması və KOB-ların bazara daha sürətli çıxışına imkan verən mexanizmlər üzərində iş qurulmaqdadır. Məqsəd dövlət və özəl şirkətlərin bir-biri ilə daha yaxından işbirliyini təmin etmək, sürətlə real ticarət və investisiya əlaqələrinin çevik şəbəkəsini formalaşdırmaqdır.

Azad Ticarət Sazişinin imzalanması nəzərdə tutulur

Komissiyanın iclasında çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri tarixin ən yaxşı dövrünə daxil olub. Siyasi və diplomatiya sahəsində möhkəm strateji müttəfiqlik iqtisadiyyatın bütün sektorlarında, eləcə də humanitar və mədəni sahələrdə də ən yüksək zirvəyə çatmasını təmin edib. İki qardaş dövlət arasında son 10 ildə ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artaraq 2,4 milyard dollardan 8 milyard dollaradək yüksəlib. Türkiyə Azərbaycanın ixracında ikinci, Azərbaycanın idxalında isə üçüncü yerdədir. Bu kontekstdə 2024-cü ildə əhatə dairəsi genişləndirilərək qüvvəyə minən Türkiyə-Azərbaycan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinə ciddi impuls verməkədir. Hədəf qarşılıqlı ticarətin ümumi ticarət dövriyyələrində birinci yerə yüksəlməsinə nail olmaq, mübadiləni 15 milyard dollara çatdırmaqdır. Bu baxımdan bütün ikitərəfli iqtisadi fəaliyyətlər məhz bu strateji hədəfə uyğun şəkildə planlaşdırılır. Növbəti mərhələdə isə əsas hədəf Azərbaycanla Azad Ticarət Sazişinin imzalanması və ticarət münasibətlərinin tam liberallaşdırılmasıdır.

SOCAR 19 milyard dollar sərmayə ilə Türkiyədə ən böyük investordur

İki qardaş ölkənin dövlət və biznes təmsilçilərinin iştirakı ilə Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçirilib. İkinci dəfədir ki, təşkil olunan Forum hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Tədbirdə çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Forum Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verir.

Baş nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir. Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir. SOCAR Türkiyəyə 19 milyard dollar sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur və yeni sərmayələr planlaşdırır.

Zəngəzur dəhlizi regional inteqrasiyanı gücləndirəcək

İki ölkə arasında qarşılıqlı sərmayələri təşviq edən Türk İnvestisiya Fondunun yaradılması isə ortaq maliyyə xəzinəsi hesab edilir. Fond region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır, yeni investisiya planları icra etməyə hazırlaşır.

Forumda çıxışı edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Azərbaycan regionda və qlobal miqyasda mühüm rol oynayır və inkişafı təmin edən mühüm layihələrin təşəbbüskarıdır, eyni zamanda regionda reallaşan ən nəhəng layihələrdə Türkiyənin ən yaxın tərəfdaşıdır. O, vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da yüksəlib və bu marşrutun əsas komponentlərindən biri Azərbaycandır. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin beynəlxalq nəqliyyat-logistika marşrutu kimi rəqabət gücünü əhəmiyyətli dərəcədə artıracaq, Cənubi Qafqazda sabitlik və rifah üçün yeni imkanlar yaradacaq, eləcə də Orta Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək.

Azərbaycandan Türkiyəyə qeyri-neft ixracı artıb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf edərək ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Qeyd edilib ki, son 6 il ərzində Azərbaycanın qeyri-neft ixracı iki dəfə artıb və bu, Azərbaycanın beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub. Həmin ixracda Türkiyənin də payı əhəmiyyətli dərəcədə artıb. Hazırda iki qardaş ölkənin dövlət və biznes sektorunun qarşılıqlı təşəbbüsləri və fəal iştirakı ilə “yaşıl enerji”, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma və turizm kimi sahələrdə birgə layihələr həyata keçirilir. Əldə olunan nəticələr ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.

S.Bəşirli bildirib ki, Azərbaycanın artan nəqliyyat-tranzit imkanları, təşəbbüskar və iştirakçı olduğu regional və qlobal layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistik potensial Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə atılan addımlar həm ölkələr, həm də region üzrə tranzit imkanlarını genişləndirir. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Limanı, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər infrastruktur üstünlükləri Azərbaycanı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirib. Gələcəkdə Zəngəzur dəhlizinin də beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Kəlbəcər və Laçında türk investorlarının “yaşıl sərmayələri”

Türkiyə və Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq bloku qurub və davamlı layihələr icra edilməkdədir. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye zonasında yaradılan əlverişli sərmayə imkanları və güzəştlər türkiyəli biznes icması üçün cəlbedici fəaliyyəti təşviq edir. Hazırda digər layihələrin icrası üçün təkliflər nəzərdən keçirilir və birgə investisiyalar üçün böyük potensiallar mövcuddur. Türk iş adamları bu bölgənin “yaşıl enerji” potensialının reallaşdırılması və zəruri nəql infrastrukturunun yaradılmasında da aktiv çalışır, yeni generasiya güclərinin qurulmasına sərmayə yatırır. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihələrdə Türkiyə investorlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə bildirib ki, Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycanın sənaye və logistik infrastrukturunu yaxından tanıması üçün xüsusi iqtisadi zonalara və logistik mərkəzlərə səfərlərinin təşkil edilməsi planlaşdırılır. Məqsəd tərəfdaşların konkret layihələr üzrə birbaşa tanışlığını təmin etməklə onların investisiya qərarlarının sürətləndirilməsinə dəstək verməkdir.

İnvestisiya Forumu çərçivəsində mühüm sazişlər də imzalanıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “Gama Enerji” şirkəti arasında “Gama Enerji İç Anadolu” elektrik stansiyasını satın almasına dair imzalanmış sazişə əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100 faizlik payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon dollar təşkil edir. Bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
yeniazerbaycan.com

2Sources