EN

İsrail Türkiyə əleyhinə üçlü ittifaq yaradır: Azərbaycanı çətin seçim qarşısında...

"İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir. Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər. İsrailin baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unutun. Belə olmayacaq. Bu barədə heç düşünməyin”. Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərdə tutub".

Bu sözləri Sitat.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər: "Bu “qüvvələr” Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirəcəklərini bildiriblər.

Yunanstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin baş naziri Benyamin Netanyahudur. O Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərksilah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki, İsrailin hərbi və kəşfiyyat dairələri illər uzun bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar".

Politoloq hesab edir ki, mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır: " Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir, bu ölkədən modern hərbi texnika alır, bu ölkəyə neft satırıq. Bununla yanaşı Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq üçlü ittifaq İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb".

Gülxar,

Sitat.info

Chosen
14
6
sitat.info

8Sources