EN

Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər



Məlum olduğu kimi dünən Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirildi. Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın da iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyədən çoxsaylı sahibkarlar və bir sıra ictimaiyyət nümayəndələri də iştirak edirdi.

Qeyd edim ki, forum çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında saziş imzalandı. Bununla yanaşı, “Büyükfırat MMC” ilə “Les Benjamins” Tekstil Ticarət Anonim şirkəti arasında da imzalama mərasimi keçirildi. Ümumilikdə isə forum çərçivəsində “Sənaye 4.0: gələcəyin texnologiyaları”, “Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi”, “Regionlararası ticarət və logistika dəhlizləri” kimi panel iclaslar da təşkil olundu.

Şübhəsiz ki, bu Forum hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilə bilər. Baş nazir Əli Əsəsdovun da dediyi kimi ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün prioritet istiqamətlərdən birini təşkil edir və bu cür Forumların keçirilməsi Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi təməllərini möhkəmləndirir.
Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard ABŞ dolları sərmayə qoyub. Hazırda Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş quraraq qardaş ölkənin iqtisadi inkişafına töhfə verir. Bununla yanaşı Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına da fəal şəkildə cəlb ediliblər.

Türkiyə–Azərbaycan İş Adamları və Senayeçiləri İctimai Birliyinin sədri, hörmətli Hüseyn Böyükfıratın da dediyi kimi, həm Türkiyədən, həm də Azərbaycandan iş dünyasının dəyərli nümayəndələrinin forumda iştirakı, nazir müavinlərinin mühüm panellərdə iştirak etməsi, yüksək səviyyəli təmsilçilik və Türkiyə mediasının geniş iştirakı bir daha göstərir ki, biz doğru yoldayıq.

Ümumi olaraq qeyd edim ki, mən keçirilən Forumun Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcəyinə əminəm.

Yusif Bağırzadə, politoloq
Chosen
18
newscenter.az

1Sources