EN

İlham Əliyev: Bunu prezident kimi birinci andiçmə mərasimindəki çıxışımda bildirmişəm

BAKI, 24 dekabr. TELEQRAF

Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi.

Teleqraf xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.

Ölkə başçısı qeyd edib ki, onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə - birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin.

Chosen
24
teleqraf.com

1Sources