EN

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi

Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Publika.az xəbər verir ki, bu münasibətlə açılış mərasimi keçirilib.

Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və millət vəkilləri binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib. 3000 kv.m-lik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, əlavə olaraq yeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb. Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni iki texniki xidmət sahəsi yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.

Chosen
59
7
publika.az

8Sources