EN

12 kiloqram narkotiklə tutulan 16 yaşlı gəncə hökm oxunub

BAKI, 25 dekabr. TELEQRAF

Lənkəran rayonunda 16 yaşı tamam olmayan yeniyetmə külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, 2009-cu il təvəllüdlü Rasim Nəcəfov (ad və soyad şərtidir) Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı tutulub.

İttihama görə, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayının əvvəlində digər şəxslərlə qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və Bakı şəhərinə daşımaq barədə razılığa gəlib. Razılaşmaya əsasən, o, hər kiloqram narkotik vasitənin satışından 500 manat qazanc əldə etməli olub.

Məlumata görə, cinayətkar qrupun İranda olan digər üzvləri tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində gizlədilmiş marixuana barədə Rasim Nəcəfova “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə məlumat verilib. Bundan sonra o, 6 sentyabr 2025-ci il tarixdə saat 19:30 radələrində göstərilən əraziyə gedərək yol kənarında yerləşən sahibsiz köhnə tikilinin içərisində gizlədilmiş yük çantasını götürüb.

Yük çantasında ayrı-ayrı bağlamalarda 12 kiloqram 490 qram qurudulmuş marixuana olub. Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhərinə aparmaq məqsədilə Lənkəran şəhərində “Ləvəngi” dairəsi adlanan əraziyə gətirib.

Əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı o, həmin gün saat 20:25 radələrində “Ləvəngi” dairəsində saxlanılıb. Yoxlama zamanı yanında olan yük çantasından yeddi ədəd bağlamada külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 4 sentyabr 2025-ci il tarixdə “Instagram” sosial şəbəkəsi vasitəsilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Mehdiəli adlı şəxslə tanış olub. Həmin şəxs ona “WhatsApp” üzərindən əlaqə saxlayaraq narkotik vasitələri müəyyən ünvandan götürüb Bakı şəhərinə çatdıracağı təqdirdə hər kiloqram üçün pul veriləcəyini deyib. İran vətəndaşı daha sonra Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən “Olimpiya” kompleksinin yaxınlığında narkotik vasitələrin gizlədildiyi yerin məkanını və şəkillərini göndərib.

Rasim Nəcəfov narkotik vasitələri götürdükdən sonra videoya çəkərək həmin şəxsə göndərib və pulun M10 hesabına köçürüləcəyinin bildirildiyini qeyd edib. Daha sonra taksi ilə “Ləvəngi” dairəsinə gəlib Bakı istiqamətinə getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə materiallarından məlum olub ki, Rasim Nəcəfov bundan əvvəl də narkotiklə bağlı cinayət əməlinə görə məhkum edilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə narkotik istifadəsində təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin cinayət əməlini 22 iyul 2025-ci ildə törətmiş şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

Lakin o, azadlıqda olduğu dövrdə, yeni cinayət əməlini törədib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Nəcəfov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli bilinib və ona beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki hökm üzrə təyin edilmiş cəza qismən birləşdirilərək cinayətlərin məcmusu üzrə qəti olaraq beş il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Məlumata görə, hazırda 16 yaşı tamam olan təqsirləndirilən şəxs subaydır və anasının himayəsində yaşayır. Yaşı nəzərə alınaraq barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməyib, lakin ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınıb.

Chosen
42
teleqraf.com

1Sources