2026-cı ildə də Azərbaycanda pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.
Publika.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.
AMB bəyan edib ki, inflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.
AMB 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağını gözləyir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir.