EN

ANAR-sözü zamanın tənqidindən ucada dayanan sənətkardır



Anar Rzayev adı Azərbaycan ədəbiyyatına yalnız görkəmli yazıçı və dramaturq kimi deyil, həm də ölkənin mədəni və intellektual həyatının mürəkkəb mərhələlərində sarsılmaz bir dirəniş nöqtəsi kimi həkk olunub. Bəzən onu tənqid edənlər Anarın məşhur valideynlərinin – şair Rəsul Rzanın və yazıçı Nigar Rəfibəylinin övladı olmasını irəli sürsələr də, Anar yaradıcılığı və şəxsiyyəti ilə sübut edir ki, o, sadəcə bir irs daşıyıcısı deyil, öz həyatının və öz sözünün hökmdarıdır. Anar məhz ədəbiyyatın ən gərgin dövrlərində meydana çıxdı. O, nə əsərlərini, nə də mövqeyini dəyişmədən, dövrün ideoloji çərçivələrini özünün yeni, poetik və psixoloji nəsri ilə yıxdı. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dədə Qorqud" filminin ssenarisi kimi əsərlər onun fərdi bədii etirazının zirvəsidir. Onun nəsri, əslində, ona qarşı gələn bütün basqılara qarşı bir cavabdır: "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki qəhrəmanın daxili həyatının mürəkkəbliyi, cəmiyyətin onu anlamaq istəmədiyi halda belə, fərdi dəyərlər uğrunda mübarizəsi Anarın öz mövqeyini əks etdirir; o, göstərir ki, əsl sənətkar yaltaqlıqdan uzaq olmalıdır. "Sizi deyib gəlmişəm" toplusundakı publisistik yazılarında isə o, dili, milli mənəviyyatı və tarixi həqiqətləri müdafiə edərək, mədəni dirənişin ən öndə gedən simasına çevrilir.



Ədəbi dairələrdə Anarı iyirmi ildən çoxdur ki, sağdan, soldan tənqid edənlərə səslənmək vacibdir: "Bəs siz bu 20 ildə hansı ədəbiyyat nümunəsi ilə fərqlənmisiniz? Dünya ədəbiyyatında Anarın yeri bəllidir. Bəs sizin bu ədəbiyyatda nəyiniz var, yeriniz haradadır?"
Anardan olan həddindən artıq və məntiqsiz umacaqlar bu tənqidin əsasını zəiflədir. Axı Anar nə dövlət, nə də hakimiyyət orqanıdır. O, nə mənzil paylayır, nə maşın zavodunun sahibidir. Anarın bir qələmi var, o qələm də bütün ömrü boyu ədəbiyyata və xalqa xidmət edib. Ən böyük problem isə budur ki, bu tənqidlər çox vaxt sağlam deyil, çünki arxasında dağ boyda təmənnalar – ad, şöhrət, yüksək mükafat, mənzil və s. gözləntiləri dayanır. Təəssüf ki, bu cür təmənnalı xora onu əldə etməyənlərlə yanaşı, həm də Anarın xeyir-duası ilə ədəbiyyata gələn, problemlərini onun vasitəsilə həll edənlərin də qoşulması qəribə və xoşagəlməz bir təsir bağışlayır. Bu cür "tənqid" təmənnasız sənət mübarizəsi deyil, sadəcə uğur qısqanclığıdır.

“Tənqidçilər” öz çıxışlarında o qədər ifrata varırlar ki, bəzən Anarı az qala despot kimi qələmə verməyə cəhd edirlər. Lakin burada bir ziddiyyət yaranır ki, onu qeyd etməmək qeyri-mümkündür: Bu necə despotluqdur ki, AYB-nin orqanı olan dərgilərdə bəzən Anar haqqında müsbət yazını çap etdirmək mümkün olmur, halbuki bu dərgilərdə digər tənqidçilər nə qədər istəyirsə, o qədər də çap olunurlar? Əgər bu despotluq və diktatorluqdursa, onda belə söz sərbəstliyini təmin edən diktatorluğu alqışlamağa dəyər. Görünən odur ki, sadəcə bir çoxları tənqid xatirinə tənqid etməyi daha düzgün yol hesab edirlər. Olsun, zatən yel qayadan heç nə qoparmır.

Baxmayaraq ki, Anar bütün bu zənginliyi ilə zamanın ən böyük sınağından – unudulmaqdan keçib, onun xidmətləri dövlət tərəfindən Xalq Yazıçısı fəxri adı, "İstiqlal" və "Şərəf" ordenləri ilə təsdiqlənib. Bu mükafatlar rəsmiyyətdən daha çox, bütöv bir xalqın öz sənətkarına olan mənəvi borcunun ifadəsidir.
Lakin həmişə olduğu kimi, böyük sənət və qüdrətli şəxsiyyətlər yalnız sevgi ilə qarşılanmır. Anar Rzayevin uzun illərdir ki, AYB-yə sədrliyi və bədii irsi bəzi qüvvələr tərəfindən hədəfə çevrilmiş, ona qarşı həddini aşan, əsassız və məqsədli hücumlar istər-istəməz baş vermişdir. Bəzən tənqid adıyla yayılan bu yerli-yersiz hücumlar əslində mədəniyyətsizliyin və həqiqi sənəti dərk etməməyin təzahürüdür.

Bu cür mənasız hücumlar yalnız onu göstərir ki, Anarın yaradıcılıq dərinliyi, onun mənəvi sərvəti bir çox "tənqidçi" üçün əlçatmaz zirvədir. Onlar onun nəsri haqqında danışmağa çətinlik çəkirlər, çünki Anarın əsərləri zaman keçdikcə daha da müasirləşir, bu günün problemlərinə cavab verir. Nəticədə, nədən necə yapışacaqlarını bilməyənlər şəxsi qərəzə və təşkilati mövqeyə hücuma keçirlər.

Anarın uzun illər Yazıçılar Birliyinin sədri olması kimi idarəçilik fəaliyyəti – onun şəxsiyyətinin ən çox tənqid olunan, lakin ən zəruri tərəflərindən biridir. Hərdən elə gəlir ki, müstəqilliyin ilk təlatümlü, xaos və sarsıntı illərində Anar və onunla həmfikir olan müdrik yazarlar olmasaydı, Yazıçılar Birliyi də digər qeyri-hökumət təşkilatları kimi çoxdan dağılıb gedərdi. Daha doğrusu, bu gün Anarın aşkarda və gizlində istefasını istəyənlər bu təşkilatı hansı günə salardı, necə dağıdardı, onu təsəvvür etmək çətin deyil. Onu idarəçilikdə qınayanlar, məhz o dövrdə bu vəzifənin nə qədər ağır, siyasi və mənəvi yük daşıdığını unudurlar. Anar bir idarəçi kimi: Sovet dövründən indiyə qədər, Azərbaycan ədəbiyyatının mürəkkəb siyasi və sosial dövrlərində Yazıçılar Birliyini, necə deyərlər, "balta altından" çıxarmağı bacarıb, Birliyi siyasi təzyiqlərdən və məhv olmaqdan qoruyan bir qalxan olub. O, idarəetmədə mülayimlik və sərtliyi birləşdirərək, sənətkarlar arasında illərlə mövcud olan kəskin qarşıdurmaları dəfələrlə öz müdriklik və diplomatiya bacarığı ilə yatırıb. Onun müdrikliyi həqiqətin üstünü örtməməkdə, lakin incəliklərlə, sənətə zərər vermədən həll etməkdədir. Əgər onun üzərinə gəlirlərsə, Anar hər zaman kəskin cavab verir, lakin onun cavabı populist deyil, dərin ədəbi və tarixi arqumentlərə əsaslanır. O, mübahisə etməklə deyil, həqiqəti sübut etməklə qalib gəlir.

Anar şəxsiyyəti məhz idarəçilik yükünün altında belə əyilməməsi ilə seçilir. Onun müdrikliyi sadəcə bilikdə deyil, idarəetmənin qeyri-rəsmi tərəflərində də özünü göstərir: Anarın ən böyük müdrikliyi ondadır ki, o, hətta ən çətin məqamlarda belə sənətkar ləyaqətini əldən verməyib. O, həm qınayanların, həm də sevənlərin gözündə bütün ziddiyyətlərə rəğmən öz mövqeyini qoruyub. Onun haqqında deyilən "Anar Anar olmasaydı" kimi sözlər onun bütün bu tənqidlərə rəğmən yaşamaq və yaratmaq gücünə heyranlığı ifadə edir. O, göstərir ki, liderlik və sənətkarlıq həmişə təmiz ağ və qara deyil, çox vaxt çətin kompromislərin fonunda qurulur. Anar Azərbaycan ədəbiyyatında sadəcə bir kitab müəllifi deyil. O, bir sənətkar olaraq fərdiyyətin və yeni bədii düşüncənin öncülüdür. O, bir idarəçi kimi mədəniyyətin ən çətin vaxtlarda yaşamaq üçün mübarizə aparan lideridir. Onun üzərinə gələnlərə ən böyük cavabı isə hər zaman bir cümlə olub: "Sözüm var!" Anar məhz bu mövqe, bu dirəniş və bu müdriklik ilə ədəbiyyat tariximizdə toxunulmaz və əvəzsiz bir yer tutur. O, Azərbaycan ədəbiyyatında dərinliyin, səmimiyyətin və milli ləyaqətin simvoludur. Onun ədəbi və ictimai mirası Azərbaycan xalqının mənəvi sərvətlərindən biri kimi qorunmalı və təbliğ edilməlidir.

Anar mənim üçün, mənim yaşıdlarım üçün gəncliyimizin yazıçısıdır, bu günümüzün də ağsaqqal nümayəndəsidir. O, bizim həm keçmişimiz, həm də bu günümüzdür. Bizlər onun əsərlərini oxuyub çox şeylər əxz etmişik və edirik. Belə bir yazarı, qələm əhlini sevmək və müdafiə etmək bizim hər birimizin borcu və vəzifəsidir.

Mənim bu yazını yazmaqda məqsədim də məhz budur: Bir AYB üzvü kimi, mən də Anar Rzayevin şəxsiyyətinə qarşı bu cür mənasız hücumları qəbul etmirəm. Mənim Anardan heç vaxt, heç bir şəxsi umacağım, heç bir istəyim olmayıb və yəqin ki, olmayacaq da. Bu yazı kimsədən bir şey gözləməyənlərin daxili mövqeyidir: Həqiqi klassik, şəxsi hücumlardan ucadır.

Şəmsi Qoca

Yazıya sözardı: Bu yazını çap üçün ilk öncə AYB-nin orqanı olan “Ədəbiyyat” qəzetinə göndərdim. Qəzetin baş redaktoru Azər Turan da “anarsevər”lərdən imiş sən demə. Əslində bu da yaxşıdır ki, Anar haqqında yazını “Ədəbiyyat” qəzeti və onun baş redaktoru Azər Turan ÇAP ETMƏDİ. Bu özü də bir daha təsdiq edir ki, Anar onu tənqid edənlərin dediyi kimi despot deyil. Despot olsaydı...



Chosen
27
1
aia.az

2Sources