EN

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası təşviq olunur

ain.az bildirir, Azertag portalına istinadən.

Ağdaş, 25 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaş rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş və hazırda uğurlu iş təcrübəsi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə sosial xarakterli görüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayon icra hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının Ağdaş rayon xidmət şöbəsinin məsul işçilərinin iştirakı ilə Ağdaş rayonunda fəaliyyət göstərən “A.K.S” MMC-də görüş keçirilib.

Görüşün əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına uğurlu inteqrasiyası ilə bağlı müsbət təcrübələrin işıqlandırılması və cəmiyyətdə mövcud olan yanlış fikirlərin aradan qaldırılmasına töhfə vermək olub.

Görüş zamanı cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, mövcud proqramlar və gələcək planlar barədə məlumat verilib. Bildirilib ki, dövlət–özəl sektor əməkdaşlığı bu sahədə dayanıqlı nəticələrin əldə olunması üçün əsas amillərdən biridir.

Tədbir zamanı cəzaçəkmə müəssisəsindən azad edilmiş və hazırda “A.K.S” MMC-də çalışan Ə.Lətifov öz həyat və iş təcrübəsi barədə məlumat verib. O, azadlığa çıxdıqdan sonra qarşılaşdığı çətinliklər, peşə bacarıqlarının inkişafı, işəgötürənlərin etimadı və dövlət dəstəyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu cür dəstək mexanizmləri onların cəmiyyətə faydalı fərd kimi formalaşmasında mühüm rol oynayır.

“A.K.S” MMC-nin rəhbəri Azər Kərimov isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə cəlb olunması ilə bağlı öz müsbət təcrübələrini bölüşərək bu əməkdaşlığın həm sosial məsuliyyət, həm də işgüzar baxımdan səmərəli nəticələr verdiyini vurğulayıb. Eyni zamanda, bu cür təşəbbüslərin genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda belə görüşlərin və sosial xarakterli paylaşımların cəmiyyətdə maarifləndirmənin artırılmasına, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə ikinci şansın verilməsinə və onların əmək bazarında daha fəal iştirakına töhfə verdiyi xüsusi olaraq vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
azertag.az

1Sources