Sedasiya tibbdə xəstənin sakitləşdirilməsi, rahatladılması və qismən yuxulu hala salınması məqsədilə dərmanların tətbiq edildiyi prosedurdur. Bu üsul diş müalicəsi, endoskopiya, kolonoskopiya, eləcə də kiçik cərrahi və diaqnostik müdaxilələr zamanı, xüsusilə uşaqlarda və ya həyəcanlı pasiyentlərdə geniş istifadə olunur. Son zamanlar azyaşlı uşaqların diş müalicəsində sedasiyaya daha çox müraciət edilir. Bu isə bir sıra valideynlərdə narahatlıq yaradır. Valideynlər uşaqlarının həyati risk altında olduğunu düşünərək sedasiyanı narkozla eyniləşdirir və əksər hallarda bu prosedurdan imtina edirlər.
Bəs sedasiyanın narkozdan (ümumi anesteziya) fərqi nədir?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən anestezioloq Vaqif Nəbiyevin sözlərinə görə, ümumi anesteziya daha mürəkkəb və dərin prosedurdur, stomatologiyada istifadə edilən sedasiya isə anesteziyanın bir növü olub, diş kabinetində aparılan prosedurların tələblərinə xüsusi olaraq uyğunlaşdırılır: “Sedasiya zamanı pasiyent dərin yuxu vəziyyətində olur. O, özü nəfəs alsa da, tənəffüs yolu bizim tərəfimizdən qorunur və bütün proses tam monitorinq şəraitində aparılır. Prosedur adətən maska ilə başlayır. Bu mərhələdə uşaq valideynin iştirakı ilə sakitləşdirilir. Daha sonra venoz yol açılır və sedasiya həkim nəzarəti altında dərinləşdirilir, eyni zamanda tənəffüs yolu təhlükəsiz şəkildə qorunur. Tam monitorinq altında stomatoloq öz işini bitirdikdən sonra pasiyent oyadılır. Reflekslər tam bərpa olunduqdan və mümkün gözlənilən hallar izah edildikdən sonra uşaq evə buraxılır. Sedasiya təhlükəsiz hesab olunur və uşaqlarda diş həkimi qorxusu və psixoloji travma yaratmır. Eyni seansda bir neçə mürəkkəb stomatoloji prosedurun icrasına imkan verir”.
V. Nəbiyev əlavə edib ki, sedasiya zamanı bəzi risklər istisna edilmir: “Yuxululuq, ürəkbulanma və qusma, dərmanlara fərdi həssaslıq nadir də olsa, görülə bilər. Sedasiya öncəsi yemək və maye qəbulu ilə bağlı həkim tövsiyələrinə ciddi şəkildə əməl olunmalıdır. Allergiyalar, xroniki xəstəliklər və keçmiş infeksiyalar barədə mütləq həkimə məlumat verilməlidir. Prosedur yalnız tam sağlam uşaqda aparılmalıdır (qızdırma və kəskin respirator virus infeksiyası olmadan). Sedasiya sonrası qısa müddətli yuxululuq və halsızlıq normaldır. Prosedur günü aktiv oyunlardan uzaq durmaq, yüngül qidalar qəbul etmək və həkimin bütün tövsiyələrinə əməl etmək tövsiyə olunur. Adətən uşaq qısa müddət ərzində tam normal vəziyyətinə qayıdır”.
Stomatoloq Ülviyyə Məmmədova Pravda.az-a açıqlamasında bildirib ki, anestezioloq işini yaxşı görən zaman sedasiya təhlükəsiz prosedurdur: “Anestezioloq vurulan preparatın miqdarını bilir və onu nəzarətdə saxlamağı bacarır. Sedasiya zamanı pasiyentin nəbzini və qandakı oksigen səviyyəsini izləməyə imkan verən mütləq zəruri avadanlıqlar olmalıdır. Bunlar hamısı nəzarətdə olduqda təbii ki, hansısa qorxu olmur. Bəzən iki-üç yaşında uşağın ağız boşluğunda ağırlaşmış vəziyyətlər olur. Bu səbəbdən zəruri hallarda sedasiya tövsiyə edirik. Sedasiyadan öncə hər bir pasiyent mütləq yoxlanışdan keçməlidir. Qan dəyərləri, ümumi sağlamlıq vəziyyəti yoxlanılır. Hər şey qaydasındadırsa biz onu sedasiya edirik. Sindromlu, ürəyi qüsurlu uşaqlara da sedasiya olunur. Hazırda azot oksidi (N₂O) ilə sedasiya üsulundan da istifadə edilir. Bu zaman şənləndirici qazdan istifadə edilir. Bu da sedasiyada istifadə edilən preparatların miqdarını çox aşağı salır”.
Şəhanə Quliyeva