EN

El ağsaqqalı Samı Kəlbiyevin əziz xatirəsinə » AzadMedia.az


Nurəddin ƏDİLOĞLU
Yoldaş Kəlbiyev
(sənədli hekayə)


Qızmar yay səhəri idi. Kolxoz tarlasından silos üçün təzə biçilmiş qarğıdalının xoş, bir az da şirin qoxusu gəlirdi. Kənd Təsərrüfatı İnstitutunu yenicə bitirmiş gənc zootexnik inəkçilik fermasnın qocaman briqadiri ilə söhbət edə - edə yeni tikilmiş silos qülləsinin yaxınlığında ayaq saxladı. Qarğıdalının yaşıl yarpaqlarını əlinə götürüb soruşdu:

- Əmican, sizin fermanızda bəslənən mal-qaranın bu şirəli yemi daha yaxşı həzm etdiyini sağıcılarənız bilirlər?

- Bilirlər cavan oğlan, lap yaxşı bilirlər, - deyə ferma müdri ağır-ağır dilləndi, - bir də axı niyə də bilməsinlər?! Əvvala silos yemə çox qənaət edir, üstəlik də sağıcılar malabaxanlarımızın silos verdikləri inəklərdən bol süd sağırlar.

Zootexnik bu dəfə üzünü ortayaşlı yemçilik briqadirinə tutub dedi: - Yoldaş Kəlbiyev gələnəcən silosun qülləyə yığılmasını başa çatdırmaq lazımdı.

- Sədr rayona gedibsə, onda ancaq axşamacan qayıdıb, gələr... O vaxtacan nəinki qülləni, xəndəkləri də doldurarıq.

Kolxozun partkomu da söhbətə qoşuldu: -Yoldaş Kəlbiyevi rayon partiya komitəsinin iclasına çağırıblar. Gedəndə tapşırdı ki, silosu qülləyə yığanda yaxşı-yaxşı toxaclamaq lazımdır. Özü şəxsən gəlib yoxlayacaq...
Gənc zootexnik işin ləng getdyinə eyham vurub: - Ancaq belə getsə, axşamacan bu yepyekəlikdə silos qülləsini doldura bilmərik, - deyəndə qoca briqadir başını bulayıb ona baxdı:

-Sən hələ təzəsən bala, -dedi, - istər xəndəklərə, quyulara yığılan silos olsun, istər bu bu hündür qülləyə - hamısı eyni şeydir. Hava sızmasın deyə həmişə silos yemini mökəmcə toxaclamaq lazımdır...

***

Kolxozun sədri Kəlbiyev əvvələr özü də raykomda işləmişdi. 55-ci ilin martında Mərkəzi Komitənin ölkədə həyata keçirtdiyi "Qtuzminçilər hərakatı"nına könüllü yazılandan sonra onu Nadejda Krupskayanın adını daşıyan kolxozun sədri seçmşdilər. O vaxtdan doqquz ilə yaxın müddət keçmişdi. Kəlbiyevi indi nəinki rayonda, respublikada da ən qabaqcıl kolxoz sədri kimi tanıyırdılar.

O gün raykomun birinci katibi Əlövsət Baxışov da iclasda onun ünvanına xoş sözlər söyləmişdi. Rəhbərlik etdiyi kolxozun rayonun qabaqcıl təsərrüfatlarından biri olduğunu kürsündən dilə gətirəndən sonra raykom ön sırada oturan Kəlbiyevə üzünü tutub belə demişdir:

-Yoldaş Kəlviyev, “Azərbaycan” jurnalının sentyabr nömrəsində yazıçı Yusif Şirvanın haqqınızda yazdığı “Zamanı qabaqlayanlar” oçerkini bu yaxınlarda oxudum. Çox xoşuma gəldi... Sizə öz adımdan təşəkkürümü bildirirəm.
Bu zaman Lenin adına kolxozun sədri, Samı Kəlbiyevin Xarmandalı kəndindən olan dostu Qulam Əhmədov da söz demək üçün icazə istəmişdi.

-Yoldaş Baxışov, ötən şənbə günü radioda yazıçı Cəlal Bərgüşadın ssenarisi əsasında hazırlanan və bir saata yaxın davam edən “Qəhrəmanın həyat albomundan” adlı verilişi də bizim Samı Kəlbiyevə həsr olunmuşdu. Həmin verilişdə xalq şairi Süleyman Rüstəm, yazıçı -publisist Əlfi Qasımov və başqaları yodaş Kəlbiyev haqqında xoş sözlər dedilər.

Raykomun birinci katibi onu dinləyəndən sonra rayon qəzetinin redaktoruna demişdi: – İnqilab müəllim, xahiş edirəm, həmin verilişin tam mətnini tapıb “Çağırış” qəzetində dərc edin, qoy rayonumuzun oxucuları da tanış olsunlar.

İclasdan sonra raykomun katibi Kəlbiyevin qoluna girib, onu kabinetinə dəvət etmişdi: -Eşitdim ki, Əliyağa Kürçaylı, Rəsul Rza, Qılman Musayev də sənin qonağın olublar?

-Yoldaş Baxışov onlar təkcə mənim yox, həm də Masallının qonaqlarıdır. Ova gəlmişdilər, apardım onları Təzəkənd tərəfə. Bir də gərək şəhərdən gələn şair-yazıçıları elə qarşılayaq ki, rayonumuz haqqında zəngin təəssuratları olsun!

Əlövsət Baxışov: -Haqlısan Samı müəllim! -demişdi, - Amma qoy təkcə səndən yox, rayonumzun o biri zəhmət adamlarından da oçerk yazsınlar...

-Vallah, Əlövsət müəllim, düzünü bilmək istəsəniz, heç mənim xəbərim olmayıb. Yusif Şirvan sürücü ilə iş yerimə gəlmişdi, oturmuşdum kabinetdə, gördü ki, başımın üstündə Krupskayanın portreti asılıb. Mənə nə desə yaxşıdır? Sən bu portrreti çıxart at bir kənara, burdan Ayna Sultanovanın portretini as! Dedim ki, ay Yusif müəllim, sən məni tutdurmaq istəyirsən? Day bu, dostluq yox, düşmənçilik oldu ki...
Baxışov da gülümsünüb demişdi ki: - Hə, yoladaş Kəlbiyev, keçmə də yazıçı-şairlərin belə şıltaqlığından.
Sonra nə düşünmüşdüsə, birinci katib onu gözləmədiyi təkliflə təəccübləndirmişdi:
-İstəyirəm səni rayonun geridə qalmış kolxozlarından birinə sədr göndərəm. Cavab verməyə tələsmə, fikirləş, qərarını bir-iki günə mənə bildir!...

***

Günortadan sonra rayondan qayıdanda fikir Kəlbiyevi qoynuna alıb ötən günlərə aparmışdı. 38-ci ildə boradigahlı Cəbrayıl Məmmədovun zəmanəti ilə partiya sıralarına daxil olduğu, sonra qanlı - qadalı İkinci Dünya müharibəsi zamanı Krım cəbhəsində ağır yaralandığı, hərbi hospitalda müalicə olunub yenidən Belarusiya cəhbəsinə göndərildiyi günlər bir-bir gözlərinin önündə canlandı. 1943 - cü ilin dekabrında qarlı-çovğunlu bir gündə yenə ağır yaralanıb hospitalda 3-4 ay huşsuz qalmışdı. 44-cü ilin aprelində ordudan 3-cü qrup əlil kimi tərxis olunub doğma kəndinə - Mollahəsənliyə qayıdandan sonra bir müddət müəllim işləyb, qiyabi yolla pedaqoji institutun dil-ədəbiyyat fakültəsində ali təhsil almışdı. 52-ci ildə Kəlbiyevi rayon partiya kimitəsində təlimatçı vəzifəsinə irəli çəkmişdilər. Bir il keçməmiş onu yüksək rəhbər partiya və sovet kadrları hazırlayan iki illik Bakı Ali Partiya Məktəbinə göndərdilər. O vaxtlar belə göndərişlər hər adama nəsib olmurdu. Qayıdandan sonra yenə raykomda siyasi maarif şöbəsində müdür müavini vəzifəsində işləmişdi. Qtuzminçilər hərakatının fəal üzvü kimi Yeddioymaqda təsərrüfat rəhbəri seçiləndə kolxozçulara demişdi ki, mən bura müvəqqəti gəlməmişəm...

Onun sədrlik etdiyi 50 -ci illərin ortalarında kənddə gün-güzəran sarıdan korluq çəkən ailələr çox idi. İndi adamların dolanışığı xeyli yaxşılaşmışdı. Kolxozçular alınlarının təri, əllərinin qabarı ilə ailələrini babat dolandırdılar. Düşünürdü ki, qarşıdan gələn sentiyabrda kolxoz sədri işlədiyinin doqquz ili tamam olacaq. “Bəs görəsən yoldaş Baxışov məni hansı geridə qlmış kolxoza göndərəcək?” Düşünə-düşünə öz -özünə pıçıdadı: “Eh yoldaş Kəlbiyev, yaxşı boynun olandan sonra boyunduruq tapmağa nə var ki?!..”

***

…Göy üzündən ağır-ağır ötüb keçən bulud karvanı kolxozun mərkəzi malikanəsinə gedən yola kölgə salmışdı. İdarə binasına az qalmış yolda əlində rəngi qırmızıya çalan çomaq tutumuş kuryeri görcək sürücüyə “saxla” – dedi. Sonra qapını açıb kuryerə səsləndi:

- Sən elə günü bu gündən get bir-bir kolxozun idarə heyətinə və fəallarınına xəbər ver ki, sabah günordadan sonra iclasa gəlsinlər.
Kuryer “Baş üstə, yoldaş Kəlbiyev” deyib iri addımlarla getmək istəyirdi ki, birdən geri dönüb xəbər aldı:
-Ay yoldaş sədr, soruşsalar ki, iclac nəyə görədi, onda nə cavab verrəm?
- De ki, nizam - intizam məsələləri müzakirə edəcəyik.

Sonra Kəlbiyev sürücüsünə səsləndi: “İndi də sür təzə silos qülləsinə tərəf, gedək, baxaq, görək silosu necə toxaclayıblar…

***

Axşamüstü sədr idarəyə gələndən sonra öz kabinetinin qapısını açıb içəri keçdi. İş masasının üstündə qoyulmuş qrafindən stəkana su töküb içdi. Yenə raykomun təklifini, onun kabinetindəki söhbəti xatırladı. Hətta Rəsul Rzadan söz salanda rayon rəhbəri ona xımır-xımır baxıb heyrətlənmişdi: “Sən demə, xalq şarinin Allaha inamı varmış!” Kəlbiyev demişdi ki, qayıq sahilə yan alanda dedim ki, ay Rəsul müəllim, özünüzü yormayın, mən Qızılağac tərəfə ovçular göndərmişəm, sizə bəs qədər quş verəcəm. Rəsul Rza da dedi ki, ay Samı müəllim, Qılman Musayev də, Əliağa Kürçaylı da özləri bilər. Amma mən səkkiz quş vurmuşam, başlarını da kəsəndə “Bilmillah” demişəm. İstəmirəm ki, bu quşlara başqa quş qarışsın…”

Kəlbiyev uşaq vaxtı babasının dilindən eşitdiyi kəlmələri xatırladı: “Allahın qaldırdığı insanı, bəndə yıxa bilməz!" Bu zaman idarənin həyətində at nallarının səsi sədri daldığı xəyaldan ayırdı. Çox çəkmədiki qapısı döyüldü. Kəlbiyev zabitəli səslə: -Gəl görüm, kimsən, nə istəyirsən?-deyə səsləndi.

Gödəkboylu cavan manqa başçısı canhövüllü sədrin qanısını açıb, əlində tutduğu noxud kisəsini kabinetin divarına söykədi, sonra yazdığı dama dəftər vəqəqini gətirib onun masasının üstünə qoydu.

-Bu nədir belə? -deyə sədr soruşdu.

- Yoldaş Kəlbiyev, noxud sahəsindən oğurluq eləyən bir qadın haqqında aktdır.

- Oğurluq edibsə, əlbəttə, tənbeh eləmək lazımdır. Yaxşı, de görüm o hansı qadındır elə, kimin həyat yoldaşıdır?

Manqa başçısının bir anlığa dili -ağızı qurudu. Quru-quru öskürüb boğazını arıtladı. O ağzını açıb cavab verənədək sədir gözucu akta baxdı.

Təəccüblə:
-Xanımnənə Salayeva? -deyə soruşdu.
- Bəli, yoldaş Kəlbiyev! Başşaq yığmaq adıyla gedib öz kisəsini kolxozun təmizlənməmiş noxud tarlasından doldurmuşdu.
-Sən onu öz gözlərinlə gördün həmən sahəyə girəndə?
-Yox! Amma başşaq eləməklə bu kisəni yarıyacan doldura bilməzdi ki... O biri qadınlar heç yarım vedrə də...

Sədr onun sözünü kəsdi: - Əyə, sən Xanımnənəni başqa qadınlarla müqayisə edirsən? Mən az qalıb doqquz il olsun ki, sədr işləyirəm. Bu kəndin adamlarını da səndən çox yaxşı tanıyıram. Birincisi, Xanımnını elə qadındır ki, ömründə oğurluq eləməz. Özü də çox dribaş qadındır, mən ona ot biçinində dəryaz çalanda fikir vermişəm. Həmişə kişi dəryazçalarından qabağda gedərdi. İkincisi, Xanımnənə haqq aşiqidir. O heç vaxt yalan danışmaz! Əri də, özü də iman sahibidir. Bir də axı...

Bunu deyib Kəlbiyev ani fikrə getdi. Ötən şənbə günü elə bu cavan briqadirlə nahar fasiləsi zamanı Xanımnanəgilə qonaq getmişdilər. Ev sahibi Şaban Abbas oğlu onlara o vaxt müharibəyə gedəndə qatarda necə ağır xəstələndiyindən, əmisi oğlu Babaşın onu Məmədqulu adlı bir həmkənliləri ilə evə yola saldığından, Babaşla yolları ayrılanda qol-boyun olduğu günü xatırlayıb kövrəlmişdi...

Kəlbiyev də o gün müharibədə başına gələnlərdən söz salmışdı.

Sonra Şaban kişi kolxoz quruculuğunun ağır vaxtlarından, ondan çox-çox əvvəl sədr işləyən qızılavarlı Süleyman Bağırovdan söz açmışdı. “Süleyman kişi həm də kənd sovetimiz olub, yaxşı adam idi, qonaq-qarasız da bir günü olmazdı…”

Hətta söz-sözü çəkmişdi, Samı Kəlbiyev artisti Lütvəli Abdullayevlə dostluğundan danışanda demişdi ki: - Bir dəfə Lütvəli Abdullayev məni Bakıya - qızının ad gününə dəvət eləmişdi. Bədəni əlinə alıb məclisdə mənim şərəfimə zarafatyana bir sağlıq dedi. “Həzarat, mənim Azərbaycanda, ələlxüsus da Muğan tərəflərində kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. Bəziləri mənə toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma bu Samı dostum həm toyuq verir, həm də dən...

O gün Şaban kişinin süfrəsinin başına yığışan qonaqları gülmək tutmuşdu. Onlardan ən bərkdən güləni də həmən bu gənc manqa başçısı idi.

Sədr ani daldığı düşüncələrdə ayrılıb dedi: - Sən mənimlə dörd-beş gün bundan qabaq Şaban kişini süfrəsində duz-çörək kəsmisən. Bu gün görməzə - bilməzə oğru dediyin Xanımnənənin öz əlləri ilə bişirdiyi bozbaşdan yeyib, samavar çayından içmisik. “Qarnım üçün deyiləm, qədrim üçünəm” - deyib dədələrimiz. Şaban kişi özü də elə bizə simsar adamdı... Bəyəm o kişi indiyəcən kolxozun bir axsaq-uqsaq malına tamahmı salıb? Sabah bəs o kişinin özünün, övladlarının üzünə necə baxarsan? Axı sən bilə-bilə niyə özünü aranda tutddan, dağda qurutdan eləyirsən?

Manqa başçısı boynun-boğazının tərini silib başını aşağı saldı. Sədr aktı cırıb zibil qutusuna atdı. Sonra şəhadət baqmağını silkələyib: -Aç qulağını mənə yaxşıca qulaq as! – dedi.

Kəlbiyev əlini uzadıb masanın üstündəki qrafindən bu dəfə iki stəkana su tökdü. Birini özü içdi. O birini də manqa başçısına uzadıb: - Al iç! -dedi və sözünə davam etdi: - Bax, sən hələ cavansan, bala! Unutma, həyatımızda baş verən bütün ədalətsizliklərin, nahaq işlərin başında ilk növbədə yalan durur. Yalan da ki, elə böhtan atmaq kimi, ən böyük günahlardan sayılır. Həm dinimizdə, həm də hökümətimizdə...

Sonra dərindən köks ötürüb divar saatına baxdı:

-Yaxşı, mən sənin bu dəfəki günahından keçirəm. Bir şərtlə, min atına, get o yarımçıq kisənin üstünə bir az da anbardan təmizlənmiş noxud tök, sonra da özün öz əlinlə də apar ver Xanımnənəgilə...

Manqa başçısı astadan “Yaxşı, yoldaş Kəlbiyev” - deyib suyu süzülə-süzülə sədrin kabinetini tərk etdi.

25 dekabr 2025 -ci il.
Chosen
63
3
azadmedia.az

4Sources