EN

İrəvanın kompası Şərqlə Qərb arasında titrəyir

Ermənistan son illər mürəkkəb və ziddiyyətli geosiyasi mərhələdən keçir. Bu mərhələnin mərkəzində Nikol Paşinyan administrasiyasının apardığı ehtiyatlı, mərhələli və çoxvektorlu siyasi kurs dayanır. Rəsmi İrəvanın davranış modeli Rusiyadan Qərbə doğru açıq dönüşdən daha çox, kəskin addımlardan yayınan, riskləri minimuma endirməyə çalışan siyasət təsiri bağışlayır. Bu siyasətin əsas hədəfi Moskva ilə münasibətləri açıq qarşıdurma həddinə çatdırmadan alternativ dayaqlar axtarmaq, eyni zamanda, ölkəni iqtisadi və daxili siyasi sarsıntılardan qorumaqdır.

İrəvanın bunca ehtiyatlı davranmasının səbəbi aydındır. Ölkə artıq üç onillikdən çoxdur ki, iqtisadi, hərbi və institusional baxımdan Rusiyaya dərin şəkildə inteqrasiya olunub. Bu asılılıq təkcə siyasi iradə ilə aradan qaldırıla biləcək səviyyədə deyil və yaxın perspektivdə də tam qırılması real görünmür.

İqtisadi müstəvidə Ermənistanın Rusiyadan asılılığı xüsusilə qabarıqdır. Moskva bu gün də İrəvanın əsas ticarət tərəfdaşı olaraq qalır. İxrac və idxal əməliyyatlarının böyük hissəsi Rusiya ilə həyata keçirilir. Enerji daşıyıcıları, yanacaq, qaz, nüvə enerjisi, həmçinin bir sıra strateji xammal sahələrində Ermənistan üçün Rusiya, faktiki olaraq, alternativsizdir. Bu, ölkənin iqtisadi təhlükəsizliyini birbaşa Moskvanın qərarlarından asılı vəziyyətə salır.

Bundan başqa, Ermənistanın strateji əhəmiyyət daşıyan biznes aktivlərinin və infrastruktur obyektlərinin mühüm hissəsi Rusiya şirkətlərinin nəzarətindədir. Energetika sektoru, dəmir yolu nəqliyyatı, telekommunikasiya şəbəkələri və bir sıra iri sənaye müəssisələri rus kapitalının iştirakı ilə fəaliyyət göstərir. Bu isə Ermənistanın iqtisadi müstəqilliyini ciddi şəkildə məhdudlaşdıran əsas amillərdən biridir.

Rusiyadakı erməni diasporunun rolu bu asılılığın mühüm tərkib hissəsidir. İki milyondan çox erməninin Rusiyada yaşaması və çalışması ölkəyə göndərilən pul köçürmələrinin həcmini xeyli artırır. Bu vəsaitlər minlərlə ailə üçün əsas gəlir mənbəyi olmaqla yanaşı, ümumi daxili tələbatın formalaşmasında və sosial sabitliyin qorunmasında mühüm rol oynayır. Statistik göstəricilər də bunu təsdiqləyir. Son illər Ermənistana daxil olan pul köçürmələrinin 65 faizdən çoxu Rusiyanın payına düşür.

Ticarət dövriyyəsində müşahidə olunan artım da ilk baxışdan iqtisadi canlanma təsiri yaratsa da, mahiyyət etibarilə riskli tendensiyadır. 2022-ci ildən sonra Ermənistan–Rusiya ticarət dövriyyəsinin kəskin artaraq rekord həddə çatması əsasən real istehsal artımı ilə deyil, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən onun məhsullarının Ermənistan üzərindən ixracı ilə bağlıdır. Təkrar ixrac üzərində qurulan bu model “süni şişmə” effekti yaradıb və indi tənəzzül mərhələsinə daxil olub. Bu isə Ermənistan iqtisadiyyatının xarici şoklara qarşı nə qədər kövrək olduğunu göstərir. Bu mənzərədə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxış məsələsi xüsusilə riskli görünür.

Milli Məclisin deputatı Vüqar Bayramovun da vurğuladığı kimi, Ermənistanın Rusiyadan iqtisadi asılılığı hələ uzun müddət qalacaq: “Rusiya kapitalının iqtisadiyyatda dominant mövqeyi, maliyyə axınlarında Moskvanın payının böyüklüyü Aİİ-dən qəfil imtinanı Ermənistan üçün ciddi iqtisadi və sosial sarsıntılarla müşayiət oluna biləcək addıma çevirir. Məhz buna görə Paşinyan administrasiyası bu məsələdə son dərəcə ehtiyatlı davranır”.

Bununla bağlı Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits qeyd edir ki, Ermənistan iqtisadi sahədə qanunvericiliyi dəyişməyə başladığı anda Aİİ-də üzvlüklə bağlı problemlər ortaya çıxacaq: “İlk problemlər konkret texniki Aİ standartlarının qəbul edilməsi və ya malların əlçatanlığının artırılması ilə başlayacaq ki, bunlar Gömrük İttifaqının normlarına, yəni Aİİ-nin əsasını təşkil edən qaydalara ziddir... Məsələ bundadır ki, Aİİ-nin gömrük müdafiəsi təşkilatın üzvləri arasında razılaşmaların ayrılmaz hissəsidir. Əgər Ermənistan bu müdafiəni sarsıdacaq yola getsə, bu qurumun digər üzv ölkələri öz bazarlarını Ermənistanın hərəkətlərindən qorumağa başlayacaq”.

Asılılıq yalnız iqtisadi çərçivə ilə məhdudlaşmır. Ermənistanın təhlükəsizlik sistemi də uzun illər Rusiya ilə qurulan müttəfiqlik münasibətləri üzərində formalaşıb. Gümrüdə yerləşən Rusiya hərbi bazası, eləcə də uzun müddət İran və Türkiyə ilə sərhədlərdə xidmət göstərmiş rus sərhədçiləri bu asılılığın hərbi-siyasi ölçülərini aydın şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə doktrinasında Moskvanın rolu həlledici olub və bu rol ölkənin suveren təhlükəsizlik siyasəti formalaşdırmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Şübhəsiz ki, Rusiya hərbi varlığı təkcə xarici təhlükələrə qarşı qoruyucu mexanizm kimi deyil, eyni zamanda, Ermənistanın daxili və xarici siyasət manevr imkanlarını məhdudlaşdıran amil kimi çıxış edir. Ölkə faktiki olaraq Rusiyanın təhlükəsizlik çətiri altında saxlanılıb və bu reallıqdan kəskin şəkildə imtina etmək ciddi təhlükəsizlik boşluğu yaradar.

Belə bir siyasi, hərbi və institusional “irs”dən imtina etmək cəhdi Ermənistan üçün son dərəcə ağır nəticələr vəd edir. Bu, daxili siyasi sabitliyi sarsıda, sosial narazılığı gücləndirə və ölkəni yeni risklərlə üz-üzə qoya bilər. Məhz buna görə də Rusiyadan açıq şəkildə uzaqlaşmaq Paşinyan hakimiyyəti üçün, faktiki olaraq, “siyasi intihar” riski daşıyır.

Lakin 2023-cü ildə Qarabağ üzərində nəzarətin tam itirilməsi bu balanslı siyasətdə ciddi psixoloji və siyasi dönüş nöqtəsi yaratdı. Bu hadisə Ermənistan cəmiyyətində və siyasi elitasında Rusiyaya əsaslanan təhlükəsizlik modelinin effektivliyi ilə bağlı dərin suallar doğurdu. Məhz bu fonda Paşinyanın siyasi ritorikasında yeni tonlar və vurğular ön plana çıxmağa başladı. Ritorika və simvolik addımlar səviyyəsində Ermənistan getdikcə daha çox Qərbyönlü ölkə təsiri bağışlayır. Demokratik dəyərlər, suverenlik, dövlət institutlarının müstəqilliyi, hüququn aliliyi və beynəlxalq hüquq kimi anlayışlar rəsmi çıxışlarda daha tez-tez səslənir. Paralel olaraq Paşinyan prorusiya müxalifətinin siyasi təsir imkanlarını azaltmaq üçün ardıcıl addımlar atır, Rusiya ilə sıx bağlı olan siyasi və ictimai dairələrin manevr sahəsini daraltmağa çalışır.

Bu proses Qərb paytaxtları ilə münasibətlərin intensivləşməsi ilə müşayiət olunur. Brüssel, Paris, Berlin və Vaşinqtonla siyasi dialoqun gücləndirilməsi, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq sənədlərinin imzalanması İrəvanın xarici siyasət prioritetlərində dəyişiklik niyyətini açıq şəkildə ortaya qoyur. Avropa strukturları ilə münasibətlərin dərinləşdirilməsi və müşahidə missiyalarının yerləşdirilməsi də bu kursun tərkib hissəsidir.

Bununla belə, bütün bu addımlar hələlik daha çox siyasi və simvolik xarakter daşıyır. Praktik müstəvidə Rusiya Ermənistan üçün əsas iqtisadi və təhlükəsizlik dayağı olaraq qalır. Ermənistan nə Aİİ-dən, nə MDB-dən, nə də KTMT-dən çıxıb. Paşinyan Vladimir Putinlə mütəmadi görüşür və Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmə gətirilmir.

Beləliklə, Ermənistan bu gün nə tam Qərbdədir, nə də tam Şərqdə. Ölkə “idarə olunan qeyri-müəyyənlik” məngənəsindədir. Paşinyan Rusiyanın etibarını xeyli itirib, lakin ondan qopa bilmir; Qərbə ümid edir, amma oradan real təhlükəsizlik zəmanəti almır. Bu siyasət nə açıq dönüşdür, nə də qəti mövqe. Sadəcə, vaxt qazanmaq cəhdidir.

Aydındır ki, bu ikili oyun uzun müddət davam edə bilməz. Ermənistan gec-tez strateji seçim qarşısında qalacaq: ya Şərq, ya da Qərb! Bu seçimin nə zaman və hansı qiymətə ediləcəyi isə təkcə Paşinyanın manevr imkanlarından deyil, həm də regionda böyük güclərin hansı ssenarini oynayacağından asılı olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Chosen
18
1
xalqqazeti.az

2Sources