EN

Türk dövlətlərinin xizək kurortları nümayəndələri arasında əməkdaşlıq müzakirə olunub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

21-24 dekabr tarixlərində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzv dövlətlərinin nümayəndələri arasında iş birliyinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə toplantı keçirilib.

Bu barədə TurkicWorld-a ittifaqdan məlumat verilib.

Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Xizək Mərkəzində baş tutan tədbirdə Azərbaycan,Türkiyə,Qazaxıstan və Özbəkistanın aparıcı xizək kurortlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının fəaliyyət istiqamətləri, İttifaq daxilində idman yarışlarının,mədəni və qastronomik tədbirlərinin təşkili üçün ortaq layihələrin hazırlanması, bu istiqamətdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, o cümlədən marketinq və tanıtım sahəsində birgə təşəbbüslərin, reklam və kommunikasiya kampaniyalarının həyata keçirilməsi, rəqəmsal platformalar və sosial media üzərindən ortaq təşviqat mexanizmlərinin yaradılması, qış turizm məhsullarının qarşılıqlı tanıtımı müzakirə olunub, müxtəlif təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Baş katibi Orxan Bədəlov ittifaqın 2026-cı il üçün nəzərdə tutulan strateji hədəfləri və planları haqqında toplantı iştirakçılarına məlumat verib. O növbəti ildə birliyin tədbirlər planına əsasən Türkdilli Dövlətlərin II Xizək Kubokunun və İttifaqının Forumunun təşkil ediləcəyini, bu tədbirlərin üzv ölkələr arasında idman, turizm və mədəni əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Türk dünyasının xizək kurortlarını bir araya gətirən bu əməkdaşlıq platformasına ev sahibliyi etməkdən böyük məmnunluğunu bildirən Erciyes Xizək Mərkzinin İdarə Heyətinin sədri Zafer Akşeheroğlu bu cür görüşlərin təkcə kurortlar arasında təcrübə və bilik mübadiləsinin genişlənməsinə deyil, eyni zamanda Türkiyənin qış turizmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına, yeni tərəfdaşlıqların qurulmasına və türk dövlətləri arasında turizm axınının artırılmasına mühüm təkan verəcəyini qeyd edib.

Səfər çərçivəsində İttifaq nümayəndələri Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç, həmçinin Kayseri Şəhərinin Mədəniyyət və Turizm Müdiri Şükrü Dursun və Anadolu Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ergün Sezerlə görüşüb.

Görüş zamanı Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç, türk dünyasını birləşdirən ortaq tarix, mədəni irs və dəyərlərin bu gün turizm və idman kimi sahələr vasitəsilə daha da möhkəmləndiyini qeyd edib. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı çərçivəsində qardaş ölkələrin nümayəndələrini Kayseridə və Erciyes Xizək Mərkəzində qəbul etməyin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını, bu platformanın yalnız qış turizmi üzrə əməkdaşlıq deyil, eyni zamanda türk dünyası arasında qarşılıqlı etimadın, həmrəyliyin və ortaq gələcəyə yönəlmiş birgə layihələrin inkişafına xidmət edəcəyini qeyd edib.

Səfər çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri Erciyes Xizək Mərkəzinin turizm potensialı, mövcud infrastrukturu və təqdim etdiyi xidmətlərlə yaxından tanış olublar, həmçinin Kayseri şəhərinin zəngin tarixi və mədəni irsini əks etdirən memarlıq abidələrini, muzey və tarixi məkanlarını ziyarət ediblər, milli mətbəx nümunələrini dadıblar.

Qeyd edək ki, hazırda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olan 8 üzvü var. İttifaqa sədrlik 2 il müddətinə Azərbaycana həvalə edilib.

Chosen
10
4
turkic.world

5Sources